Alimlər bağırsaq və beyin arasında yeni “neyrobiotik hiss” aşkarlayıblar
Duke Universitetinin Tibb fakültəsinin alimləri bağırsaq və beyin arasında real vaxtda əlaqəni təmin edən yeni bir mexanizm - “neyrobiotik hiss” kəşf ediblər.
Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.
Araşdırmaya əsasən, “neyropod” adlanan hüceyrələr bağırsaqda yaşayan bakteriyaların zülallarını, xüsusilə “flagellin” adlı zülalı aşkarlayır və vagus siniri vasitəsilə birbaşa beyinə siqnallar göndərir. Bu siqnallar beyinə iştahanın azalması mesajını ötürür və nəticədə davranış dəyişir.
Sınaqlar zamanı TLR5 geninə sahib siçanlara “flagellin” verildikdə, onların daha az qida qəbul etdiyi müşahidə edilib. Əksinə,“flagellin” reseptoru olan TLR5 geni olmayan siçanlarda isə bu təsir qeydə alınmayıb. Bu da qeyd edilən mexanizmin iştahanın tənzimlənməsində həlledici rol oynadığını göstərir.
Tədqiqatın aparıcı müəlliflərindən olan professor Dieqo Bohorquez bildirib ki, bu mexanizm təkcə həzmi deyil, davranışı, əhvali-ruhiyyəni və psixi sağlamlığı da formalaşdıra bilən bağırsaq mikroblarının rolunu ortaya qoyur.
Bu kəşf pəhriz, piylənmə və psixi pozuntular kimi bir çox sahələrdə yeni terapevtik yanaşmalar üçün perspektivlər açır.