Ombudsman Aparatında 109 nəfərin təcrübələrinə yekun vurulub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında təhsilalanların istehsalat və elmi-tədqiqat təcrübələri başa çatıb.
Təcrübənin ilk günündə təsisatın rəhbər vəzifəli şəxsləri tələbə və magistrantlarla görüşərək, Ombudsman Aparatındakı təcrübə ilə bağlı ümumi qaydaları onların diqqətinə çatdırıb, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları, beynəlxalq təşkilatlar, o cümlədən ali təhsil müəssisələri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərən Ombudsman Aparatının həyata keçirdiyi layihələrdən bəhs olunub.
Nəzəri və praktiki hissədən ibarət olan təcrübə müddətində praktikantlara insan hüquq və azadlıqlarının mahiyyəti, Azərbaycanda insan hüquqlarının təmini istiqamətində aparılmış hüquqi islahatlar, məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaranması və fəaliyyətinin hüquqi əsasları, Aparatın strukturu, şikayətlərin araşdırılması, müvafiq sorğu layihələrinin hazırlanması proseduru, şikayətçilərin qəbulu prosesi və digər məsələlər barədə ətraflı məlumat verilib.
Daha sonra Ombudsmanın mandatının genişləndirildiyi, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın və “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsi, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi, habelə monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının həyata keçirilməsi üzrə səlahiyyətinin təsbit olunduğu vurğulanıb.
Qeyd edək ki, 2024/2025-ci tədris ili üzrə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin İnsan hüquqları və Tibbi hüquq ixtisaslaşmaları üzrə magistrantları, həmçinin Hüquqşünaslıq ixtisası üzrə tələbələri, Azərbaycan Dillər Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Qərbi Kaspi Universitetinin, Bakı Avrasiya Universitetinin və Xəzər Universitetinin müvafiq ixtisaslar üzrə təhsil alan tələbələri, ümumilikdə 109 nəfər Ombudsman Aparatında istehsalat və elmi-tədqiqat təcrübəsi keçiblər.