azturkxeber.az
http://azturkxeber.az

Şovinizmin, Diskriminasiyanın və Müharibə Maşınının Genişlənən Hüdudları haqqında bir neçə söz...

29-06-2025

Son illərdə Rusiyada müşahidə olunan siyasi, sosial və hərbi proseslər ölkənin dərinləşən şovinist siyasətinin, sistemli diskriminasiyanın və milli azlıqlara qarşı yönəlmiş açıq ayrıseçkiliyin bariz təzahürünə çevrilib. Bu proseslər təkcə daxili sabitliyə deyil, eyn zamanda Rusiya Federasiyasının qonşuluğunda yerləşən ölkələrin təhlükəsizliyinə də birbaşa təhdid yaradır.

Son günlər Yekaterinburqda yaşanan hadisələr, bu şəhərdəki azsaylı xalqlara qarşı təşkil olunan reydlər və seçmə təqiblər bu prosesin təsadüfi deyil, mərkəzdən idarə olunan bir ssenari olduğunu göstərir. Yerli sakinlərin, orada yaşayan azərbaycanlı icmasının və hadisələri yaxından müşahidə edənlərin ifadələri göstərir ki, hüquq-mühafizə orqanları tərəfindən seçmə şəkildə miqrantlara qarşı aparılan zorakı siyasət geniş vüsət alıb.

İnsan resursları tükənən, hərbi itkiləri artan Rusiya bu boşluğu doldurmaq üçün yeni metodlara əl atıb: miqrantların şantaj, təzyiq və saxta cinayət ittihamları ilə müharibəyə cəlb edilməsi artıq sistemli bir praktika halını alıb. Miqrantlar ailələri ilə təhdid olunur, törətmədikləri cinayətlərə görə məsuliyyətə cəlb ediləcəkləri ilə qorxudulur və müharibəyə getməyə razı salınırlar. Əvəzində vəd edilən kompensasiyalar isə ya verilmir, ya da qayıtdıqdan sonra yeni şantaj alətlərinə çevrilir.

Rusiya vətəndaşı olan, lakin milli mənsubiyyətinə görə fərqli görünən şəxslərə qarşı da təqib və təzyiqlər artmaqdadır. Bu təzyiqlər yalnız Yekaterinburqla məhdudlaşmır – hadisələrin coğrafiyası Moskva və Sankt-Peterburqdan tutmuş Uzaq Şərq bölgələrinə qədər uzanır. Təəssüf ki, bəzi rəsmi şəxslər bu zorakı siyasətin önündə getməkdə, onu ictimai rəyə qəhrəmanlıq kimi təqdim etməkdədirlər.

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin miqrantların cəlbi ilə bağlı son etirafları, onun açıqladığı statistika və istifadə etdiyi ritorika göstərir ki, bu proses təsadüfi deyil, bilavasitə dövlətin iradəsinə bağlıdır.

Azərbaycan ictimaiyyəti hələ də Rusiyanın 1990-cı illərdə Azərbaycana qarşı nümayiş etdirdiyi susqunluq və laqeyd münasibətin travmasını daşıyır. Azərbaycanın mülki təyyarəsinin vurulması məsələsində Rusiya tərəfinin nümayiş etdirdiyi passivlik, beynəlxalq hüququn açıq şəkildə pozulmasına baxmayaraq, heç bir ciddi addımın atılmaması, bu ölkənin tərəfsiz vasitəçi obrazına kölgə salır.

Azərbaycan bu məsələnin hüquqi və diplomatik müstəvidə sonadək izləyicisi olacaq, beynəlxalq ictimaiyyəti prosesə cəlb etməklə ədalətin bərpasına çalışacaq.

Yaxın zamanda Həştərxanda keçirilən tədbirdə iştirak etmək üçün dəvət olunmuş bir millət vəkilimizin Rusiya ərazisinə buraxılmaması isə, Azərbaycanla bağlı qərəzli yanaşmanın növbəti nümunəsidir.

Azərbaycanın informasiya resurslarına qarşı həyata keçirilmiş kiberhücumların arxasında da Rusiyanın kəşfiyyat strukturlarının dayandığına dair ciddi sübutlar var. Milli Məclisin komissiyalarında bu istiqamətdə hazırlanmış hesabatlar yaxın gələcəkdə beynəlxalq dairələrə təqdim olunmalıdır.

Bu gün Rusiyada yalnız etnik deyil, dini zəmində də ayrıseçkilik meylləri artır. Müsəlman icmalarına qarşı yönələn açıq təzyiqlər, ibadət azadlığına və dini təhsil sahəsinə müdaxilələr islamofobiyanın dövlət səviyyəsində təşviqinə dəlalət edir.

Kremlə yaxınlığı ilə tanınan təbliğatçı Solovyov və onun kimilərinin açıq şəkildə anti-Azərbaycan ritorikası nümayiş etdirməsi, həm bu siyasətin mərkəzdən yönləndirildiyini, həm də bu cür çağırışlara qarşı susqunluğun dövlətin qeyri-rəsmi mövqeyini əks etdirdiyini göstərir.

Moskva təkcə daxili siyasətində deyil, həm də Cənubi Qafqaz regionunda sabitliyi pozmağa yönəlmiş yeni gündəmi inkişaf etdirir. Ermənistanda revanşist qüvvələrin yenidən səhnəyə çıxarılması, Koçaryan və Sarkisyan kimi simaların səsi ilə Kremlin danışması təsadüfi deyil. Məqsəd regionu yenidən müharibə meydanına çevirmək, sülh prosesinə əngəl olmaq və təsir dairəsini qorumaqdır.

Bugünkü Rusiya siyasəti təkcə miqrantlara və qeyri-ruslara qarşı deyil, eyni zamanda öz gələcəyinə qarşı da yönəlmiş bir risk mənbəyinə çevrilib. Şovinizm, islamofobiya, etnik diskriminasiya və zorakı mobilizasiya, bunlar uzunmüddətli sabitliyin deyil, xaosun və parçalanmanın yolunu açır.

Azərbaycan isə bu prosesləri diqqətlə izləyir, milli maraqlarına zidd heç bir davranışa susqun qalmayacaq, regional və beynəlxalq platformalarda prinsipial mövqeyini ifadə etməyə davam edəcək.

Rəşad Mahmudov

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30