Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-17 Avropa çempionatı sona çatıb.
Yarışın son günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
Ömər Usubov (45 kiloqram) bürünc medal görüşündə məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Ramal Mirhüseynov (51 kiloqram) təsəlliverici görüşdə türkiyəli Buğra Kavakı çətinliklə də olsa, üstələməyi bacarıb – 2:1. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Vahan Azaryana gücünü göstərib – 10:6.
Həsən Həsənov (60 kiloqram) finalda ukraynalı Zorab Aloyevlə gərgin keçən mübarizədə minimal fərqlə (4:5) uduzub və gümüş medala sahib çıxıb.
Səid Paşayev (92 kiloqram) isə həlledici görüşdə rusiyalı Abdurazak Şabanovla üz-üzə gəlib. Gərgin və maraqlı mübarizədən 6:5 hesablı qələbəylə ayrılan Paşayev növbəti dəfə Avropa çempionu olub. Maraqlıdır ki, ötən il yunan-Roma güləşində qitənin ən güclüsü ünvanına sahib çıxan Səid bu dəfə eyni uğura sərbəst güləşdə imza atıb.
Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Xatırladaq ki, ötən gün Rəvan Həsənzadə (48 kiloqram) və Ruslan Əlizadə (55 kiloqram) çempion olub, Hakim Tağıyev (110 kiloqram) isə üçüncü yeri tutub.