Sahibə Qafarova: “Milli Məclisin TÜRKPA-ya sədrliyi dövründə təşkilatın gücləndirilməsi istiqamətində bütün addımlar atılıb”
“Azərbaycan Respublikası Milli Məclisinin TÜRKPA-ya sədrliyi dövründə parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi, TÜRKPA-nın fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində bütün addımlar atılıb”.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Assambleya Şurasının iclasında çıxışı zamanı səsləndirib.
Spiker TÜRKPA-nın adi bir beynəlxalq platforma olmadığını, onun eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın təmsilçilərini eyni çətir altında birləşdirən bir təşkilat olduğunu diqqətə çatdırıb. Milli Məclisin sədri bildirib ki, qardaş ölkələrimiz arasındakı əməkdaşlığın gündən-günə inkişaf etdiyi bir dövrdə TÜRKPA-nın səmərəli fəaliyyəti ölkələrimiz arasında birliyin və həmrəyliyin genişlənməsinə parlament dəstəyini təmin edir. Təşkilat həm də türk dünyasının vahid mövqeyinin beynəlxalq parlament platformalarında eşidilməsinə imkan yaradır.