Beynəlxalq səviyyədə fövqəladə halların idarəolunması sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə edilib
Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli İsveçrə Konfederasiyasına səfər çərçivəsində Cenevrə şəhərində keçirilən BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin (UNDRR) Fəlakət Riskinin Azaldılması üzrə Qlobal Platformasının növbəti sessiyasının yüksəksəviyyəli görüşlərində və plenar iclaslarında iştirak edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbir çərçivəsində o, BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin rəhbəri Natalia Alonso Kano ilə görüşüb.
Görüş zamanı Fəlakət Riskinin azaldılması üzrə Senday Çərçivəsinin Yüksək Səviyyəli İcmal Konfransının Siyasi Bəyannaməsinin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub, beynəlxalq səviyyədə fövqəladə halların idarəolunması sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Natalia Alonso Kano öz növbəsində əməkdaşlıq çərçivəsində görülən işləri yüksək qiymətləndirib, bu xüsusda, birgə layihələrin təşviqi, qarşılıqlı təcrübə mübadiləsi və institusional əməkdaşlığın gücləndirilməsi imkanlarının əhəmiyyətini vurğulamaqla Azərbaycanla çoxşaxəli əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını ifadə edib.
Səfər çərçivəsində bir sıra ölkələrin Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndələri ilə görüşlər keçirilib, xüsusilə beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatı çərçivəsində birgə fəaliyyət və fövqəladə halların idarəolunması istiqamətində tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.