azturkxeber.az
http://azturkxeber.az

Tarixin dönüş nöqtəsi: Xalqın çağırışına cavab – 1993-cü il İyun ayının 9-da Heydər Əliyevin Bakıya dönüşü

09-06-2025


1993-cü ilin İyun ayı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Dövlətçiliyimiz uçurumun kənarında, xalq isə ümidsizlik girdabında çırpınırdı. Həmin günlərdə ölkədə hökm sürən siyasi və hərbi xaos, dövlət institutlarının iflic vəziyyətə düşməsi, vətəndaş qarşıdurması təhlükəsi Azərbaycanın müstəqilliyini ciddi şəkildə sual altına almışdı. Belə bir şəraitdə, Azərbaycan xalqı son ümidi olan bir liderin adını səsləndirirdi – Heydər Əliyev.

Xalqın səsinə, tarixə və taleyə cavab olaraq, 1993-cü ilin iyununda Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycanın paytaxtı Bakıya gəldi. Bu, sadəcə bir siyasi qərar deyildi – bu, xalqla lider arasında yaranmış mənəvi bağın, qarşılıqlı inamın və vətənə sədaqətin təcəssümü idi. Bu dönüş, həm də xalq iradəsinin qələbəsi idi – çünki Heydər Əliyevin Bakıya gəlişi, minlərlə insanın ümidini, ehtiramını və çağırışını özündə ehtiva edirdi.

Bu gün geriyə baxanda əminliklə söyləyə bilərik ki, məhz o taleyüklü anda Heydər Əliyevin rəhbərliyə qayıdışı ilə Azərbaycanın tarixində yeni və şərəfli bir dövrün əsası qoyuldu. Onun siyasi uzaqgörənliyi, dövlət idarəçiliyi təcrübəsi və ən əsası, xalqına olan sonsuz sevgisi ölkəni vətəndaş müharibəsi fəlakətindən xilas etdi.

Heydər Əliyev Bakıya yalnız bir siyasətçi kimi yox, həm də dövlətin xilaskarı, xalqın dayağı və Azərbaycançılıq ideologiyasının canlı simvolu olaraq qayıtdı. Onun iradəsi, qərarları və liderliyi nəticəsində Azərbaycanın parçalanma təhlükəsi aradan qalxdı, sabitlik təmin olundu və müstəqillik əbədi olaraq möhkəmləndirildi.

1993-cü ilin iyununda başlayan bu yol, bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib, güclü və müasir Azərbaycanın uğur salnaməsinə çevrilib. Məhz o taleyüklü anda verilən qərar bu günün zəfərlərinin başlanğıcı oldu.

1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyev Bakıya dönməsəydi, bu gün Azərbaycan nə müstəqil dövlət kimi mövcud olardı, nə də tariximiz və milli varlığımız bu qədər möhkəm təməllər üzərində dayanardı. Bu dönüş xalqın arxa-dayaq axtardığı, dövlətin isə xilasa möhtac olduğu anda verilən ən düzgün qərar idi.

Bu gün Azərbaycan tarixinə “Xilaskarın qayıdışı” kimi həkk olundu.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2025    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30