azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib

20-10-2026

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Qırğızıstanın Bişkek şəhərində səfərdədir.

Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İşgüzar səfər çərçivəsində Milli Məclisin sədri oktyabrın 20-də TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib.

Çıxışında Milli Məclisin sədri 2009-cu ilin sentyabrında Bakıda birinci plenar iclasın keçirilməsindən ötən illər ərzində TÜRKPA-nın səmərəli dialoq və əməkdaşlıq platformasına çevrildiyini və beynəlxalq aləmdə tanınan mühüm təşkilat kimi formalaşdığını söyləyib.

Spiker Sahibə Qafarova TÜRKPA-nın fəaliyyətinin müxtəlif istiqamətlər üzrə səmərəli və arıdıcıl şəkildə həyata keçirildiyini bildirib. Qeyd edilib ki, TÜRKPA-nın daimi komissiyaları mühüm əlaqələndirmə mexanizmləri kimi çıxış edirlər. Milli Məclisin sədri artıq TÜRKPA çərçivəsində mühüm model qanunvericilik bazasının formalaşmaqda olduğunu vurğulayıb.

Qeyd olunub ki, birgə işin əsas istiqamətlərindən biri kimi seçki və referendumların müşahidəsi də uğurla həyata keçirilməkdədir. Bu, həm TÜRKPA-nın beynəlxalq müşahidəçilik institutu kimi rolunun və nüfuzunun güclənməsinə xidmət edir, həm də parlamentlər arasında təcrübə mübadiləsi elementi kimi çıxış edir. Spiker fürsətdən istifadə edərək, qırğız və qazax həmkarlarını uğurla keçirilmiş parlament seçkiləri və Konstitusiya referendumu münasibəti ilə təbrik edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, TÜRKPA üzv ölkələrin parlamentləri arasında əməkdaşlığı yeni istiqamətlər üzrə daha da genişləndirməyə imkan verir. Bu baxımdan, o, Qadın Parlamentarilər Qrupunun və Gənc Parlamentarilər Qrupunun işinin əhəmiyyətini vurğulayıb.

Gənc parlamentarilərin rolunu qeyd edən spiker Sahibə Qafarova deyib ki, Türk Dövlətləri Təşkilatının hazırkı sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təşkilata üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını ötən ay Bakıda qəbul edərkən ölkələrimizin qarşılaşdığı təhdidlər haqda fikirlərini paylaşıb və təşkilatı gənclər siyasəti sahəsində fəal işləməyə dəvət edib. Spiker TÜRKPA-nı, o cümlədən gənc parlamentariləri də bu istiqamətdə səylərini gücləndirməyə çağırıb. Qeyd olunub ki, TÜRKPA-nın ən böyük xüsusiyyəti ondan ibarətdir ki, bu təşkilat ortaq mədəniyyətə, tarixə, dilə, milli-mənəvi dəyərlərə malik xalqların təmsilçilərini bir çətir altında birləşdirir. Bu isə parlament üzvlərinin məsuliyyətini daha da artırır.

Sahibə Qafarova bildirib ki, hazırkı dövrdə süni intellekt və texnoloji tərəqqi artıq müasir idarəetmənin və ölkələrin dayanıqlı inkişafının əsas elementinə çevrilib. Azərbaycanda bu istiqamət prioritet kimi müəyyən edilib. Milli Məclisin sədri vurğulayıb ki, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənib. O, həmçinin, Prezidentin fərmanı ilə Rəqəmsal İnkişaf Şurasının yaradıldığını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Şuranın rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində vahid yanaşmanı formalaşdırdığını və milli siyasəti əlaqələndirdiyini vurğulayıb.

Milli Məclisin bu istiqamətdə müvafiq hüquqi bazanın möhkəmləndirilməsi üzərində apardığı fəal işi qeyd edən Sahibə Qafarova deyib ki, ölkəmizin rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunvericilik aktları qəbul edilir. Rəqəmsal texnologiyalar, innovativ məhsullar və texnologiyaların transferi kimi anlayışlar milli qanunvericiliyə daxil edilir, süni intellektin hüquqi statusu müəyyənləşdirilir.

Milli Məclisin sədri qanunvericilik islahatları ilə yanaşı, Azərbaycan parlamentinin texnoloji tərəqqinin yaratdığı imkanlardan öz fəaliyyətində də səmərəli istifadə etməsindən danışıb, qanunvericilik orqanının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müasir texnoloji imkanlardan, rəqəmsal texnologiyalardan geniş istifadə olunması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Çıxışda həmçinin qeyd olunub ki, Türk Dövlətləri Təşkilatının ötən ilin oktyabrında Azərbaycanın Qəbələ şəhərində keçirilmiş 12-ci Zirvə Görüşünün Yekun Bəyannaməsində də süni intellekt sahəsində əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edilib. Artıq bu sahədə müsbət təcrübənin olduğunu bildirən spiker Sahibə Qafarova bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin “Rəqəmsal İpək Yolu” təşəbbüsü çərçivəsində iki ölkə tərəfindən reallaşdırılmış Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını qeyd edib.

Milli Məclisin sədri xüsusilə vurğulayıb ki, süni intellekt və texnoloji tərəqqi yeni imkanlar formalaşdırdığı kimi, yeni çağırışlar, kibtertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində yeni risklər də yaradır. Bütün bunlar isə qeyd olunan sahədə qarşılıqlı fəaliyyəti daha da zəruri edir.

Çıxışına yekun vuran Milli Məclisin sədri TÜRKPA-ya sədrliyi dövründə Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyevə uğurlar arzulayıb və 15-ci plenar iclasda aparılacaq müzakirələrin, qəbul ediləcək qərarların əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verəcəyinə inamını ifadə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031