Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə görüşüb




Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Sadır Japarov ilə görüşüb.
Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüş zamanı Qırğızıstan-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, energetika və nəqliyyat sahələrində gələcək inkişaf perspektivləri müzakirə olunub.
Prezident Sadır Japarov Qırğızıstan və Azərbaycan arasında müttəfiqlik münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayaraq, əldə olunmuş razılaşmaların, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin iyul ayında Qırğızıstana dövlət səfəri zamanı imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilənin ölkələr arasında əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətini qeyd edib.
Öz növbəsində, Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Prezident Sadır Japarova çatdırıb.
Milli Məclisin sədri ikitərəfli münasibətlərin, o cümlədən parlamentlərarası əlaqələrin dinamik inkişaf etdiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: