azturkxeber.az
http://azturkxeber.az

İlham Əliyevin AQEM-də ədalət çağırışı: Azərbaycanın işğaldan Zəfərə gedən yolu və beynəlxalq hüququn dərsləri

18-10-2026


Prezident cənab İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışının əhəmiyyətli hissəsini Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlamasına həsr etməsi təsadüfi deyil. Müharibə və münaqişənin çoğrafiyasının genişlənməsi bir daha sübut edir ki, hələ də dünyada ikili standartlar hökm sürür, ədalət prinsipləri pozulur, böyük güclər beynəlxalq hüququn normalarını gözdən salır. Ermənistan dövləti hər zaman Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirib.

 Ermənistanın hər üç keçmiş prezidentləri Azərbaycan torpaqlarının işğal edilməsində, şəhər və kəndlərimizin viran qoyulmasında, dinc sakinlərin, qadınların, uşaqların, qocaların qətlə yetirilməsində bir başa təşkilatçı və iştirakçı olublar. Qarabağda azərbaycanlı qadın və uşaqları vəhşicəsinə qətlə yetirən, sonradan isə Ermənistan dövlətinin prezidenti olmuş Serj Sarkisyan Xocalı soyqırımının iştirakçısı olmasını etiraf etmişdir. Məhz dünyada beynəlxalq hüququn işləməməsi səbəbindən uşaq qatilləri olan Ermənistanın keçmiş prezidentləri hələ də ədalət məhkəməsinə cəlb olunmayıblar. Əminəm ki, vaxt gələcək onlar da törətdikləri cinayətə görə müttəhimlər kürsüsündə əyləşəcəklər. Təəssüf ki, 2018-ci ildən Ermənistanın hökumətinə rəhbər seçilən hazırki Baş Nazir Nikol Paşinyan da öz sələflərinin yolu ilə getməyi qərar verdi. Beynəlxalq tədbirlərdə Qarabağ Ermənistandır söyləyən, işğal edilmiş Azərbaycan şəhəri olan Şuşaya səfər edərək rəqs edən Paşinyan beynəlxalq hüququ heçə sayırdı. Avropa Şurası, Avropa İttifaqı, bir sıra beynəlxalq təşkilatlar Ermənistanın bu təcavüzünə göz yumurdular. Prezident cənab İlham Əliyev dəfələrlə bütün beynəlxalq təşkilatların tribunalarından bu təşkilatların, xüsusən münaqişənin həll olunmasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun qanunsuz fəaliyyətləri barədə dünya ictimaiyyətinə xəbərdarlıq etmişdir. Beynəlxalq təşkilatlar bir dəfə də olsun işğalçı siyasət həyata keçirən Ermənistana qarşı heç bir təzyiq göstərməmişdir. Əksinə işğala məruz qalan Azərbaycanı bu işğalla barışmağa çağırırdılar. Ölkə başçımız bütün beynəlxalq təşkilatların tədbirlərində Azərbaycanın bu işğalla barışmayacağını bildirirdi və nəyin bahasına olur-olsun torpaqlarımızı işğaldan azad edəcəyimizi bildirirdi. Ermənistanın rəhbərliyi beynəlxalq hüququn prinsiplərini heçə saysa da Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu düzgün hesablamamışdlr. Ermənistanın təmas xəttində tez-tez Azərbaycan ordusunun mövqelərini atəşə tutması nəticəsində hərbiçilərimiz və mülki şəxslərimiz qətlə yetirilirdi. Buna cavab olaraq Prezident, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda Azərbaycan Ordusuna əks hücum əmri verdi. 44 günə Ermənistan ordusu darmadağın edilərək torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ildə isə antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Vaxtilə Azərbaycanın

yeni torpaqlarını işğal edəcəklərini söyləyən, Ermənistan tanklarının Bakıda olacaqlarını deyən separatçılar, azərbaycanlıları qətlə yetirən hərbi cinayətkarlar Bakı təcridxanasında layiq olduqları cəzanı çəkirlər. Həbsxanada cəza çəkənlər insanlığa qarşı ən qəddar cinayətlər törətmişdilər. Prezident cənab İlham Əliyev çıxışında da qeyd etdiyi kimi onların məhkəmə prosesi mahiyyətinə və formasına görə Nümberq tribunalının analoqu idi. Ermənilətin törətdikləri bu cür vəhşiliyə rəğmən Azərbaycan Ordusu dinc erməni sakininə bir güllə belə atmadı. Bu Azərbaycan xalqının böyüklüyünün və yüksək mənəviyyata malik olmasının nümunəsidir.

Prezident cənab İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışında açıq və qətiyyətli şəkildə bir daha vurğuladı ki, BMT TŞ qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlamayacağına qədər dünyada müharibələr davam edəcək və yeni münaqişə ocaqları yaranacaq. Düşünürəm ki, dünya ictimaiyyəti bu həqiqəti qəbul edəcək, Prezident cənab İlham Əliyevin bu təklifi reallaşacaq və dünyada ədalət bərpa olunacaq.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031