Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir (VİDEO)-(FOTO)





Oktyabr ayının 16-da Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir.
Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yubiley mərasiminin Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə təsadüf etməsinin xüsusi rəmzi məna daşıdığı vurğulanmış, dövlət müstəqilliyimizin qorunması və möhkəmləndirilməsinin, sərhədlərimizin toxunulmazlığının təmin edilməsinin hər bir sərhədçi üçün ali vəzifə, şərəf məsələsi olduğu bildirilmişdir.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd mühafizəsi orqanlarının kadr potensialının gücləndirilməsinə göstərdiyi ali diqqət və qayğının nəticəsi olaraq Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi təhsil sisteminin formalaşdırıldığı qeyd edilmişdir. Xüsusi Məktəbin fəaliyyətə başlamasının hərbi təhsilin ardıcıllığının təmin edilməsində, yüksək intellektual potensiala, möhkəm hərbi intizama və vətənpərvərlik ruhuna malik milli sərhədçi kadrların yetişdirilməsində xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılmışdır.
Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın Xüsusi Məktəbin yaradılmasında, formalaşmasında və inkişafında müstəsna xidmətləri xüsusi minnətdarlıq hissi ilə qeyd edilmişdir.
Bildirilmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı şəkildə yenidən qurularaq müasir tədris avadanlıqları ilə təchiz olunmuş Xüsusi Məktəbin açılışını şəxsən xanım Mehriban Əliyeva etmişdir. Ötən 15 il ərzində məktəbin fəaliyyətinə göstərdiyi davamlı diqqət və qayğı, kursantların yüksək səviyyədə təhsil almaları, mənəvi və fiziki cəhətdən sağlam, Vətənə və dövlətə sədaqətli şəxsiyyətlər kimi formalaşmaları üçün yaradılan şərait təhsil müəssisəsinin inkişafında mühüm rol oynamışdır.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq tapşırıqlarına uyğun olaraq kursantların bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların hərbi intizam və yüksək mənəvi keyfiyyətlər əsasında yetişdirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilmiş, Dövlət Sərhəd Xidməti rəisinin təbrik telefonoqramı şəxsi heyətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, ötən müddət ərzində Xüsusi Məktəb ölkəmizin nüfuzlu təhsil müəssisələrindən birinə çevrilmiş, burada kursantların hərtərəfli inkişafı, onların ümumtəhsil fənləri üzrə yüksək biliklərə, ilkin hərbi hazırlıq vərdişlərinə yiyələnməsi, fiziki və mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.
Tədbirin sonunda Xüsusi Məktəbin şəxsi heyəti ilə xatirə fotoşəkilləri çəkdirilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: