Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Aprelin 24-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan Respublikasının Hərbi prokurorunun müavini ədliyyə polkovniki Elmir Süleymanlı ilə görüşüb.
Azturkxeber.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sistemində həyata keçirilən uğurlu islahatlardan və tətbiq edilən yeniliklərdən danışılıb. Bildirilib ki, aparılan islahatlar hərbi təhsil sisteminin müasir standartlara uyğunlaşdırılması, hərbi təhsilin cəlbediciliyinin və ordumuzun peşəkarlıq səviyyəsinin artırılmasında mühüm rol oynayır. Eləcə də hüquq təhsili ilə peşəkar hüquq təcrübəsinin sıx vəhdətinin təmin edilməsinin zəruriliyi və hüquqşünas peşəsinin nüfuzunun yüksəldilməsinin əhəmiyyəti qeyd olunub.
Bu məqsədlə hərbi qulluqçuların insan hüquq və azadlıqlarına hörmət edən, milli ənənələrə və demokratiya prinsiplərinə, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq yetişdirilməsi üçün məlumat və təcrübə mübadiləsinin, qarşılıqlı əlaqələri inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra Milli Müdafiə Universiteti və onun tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin yaranma tarixi, əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinqlər təqdim olunub.
Görüşün yekununda tərəflər arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən tərəflər birgə şəkildə konfranslar, seminarlar, təlimlər və müzakirələr təşkil edəcək, analitik işlər, monitorinqlər və sorğular həyata keçirəcəklər. Həmçinin yerli və beynəlxalq təcrübənin öyrənilməsi üçün müxtəlif elmi və tədris tədbirləri, o cümlədən dəyirmi masalar, simulyasiyalar və görüşlər keçiriləcək.
Bundan əlavə, metodiki vəsaitlər, elmi məqalələr, broşuralar, monoqrafiyalar və digər çap materialları birlikdə hazırlanacaq. Hüquq elminin və mövcud qanunvericiliyin inkişafı üçün birgə təkliflər hazırlanacaq, müzakirə ediləcək və qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlar qarşısında təşəbbüslər irəli sürüləcək.
Eyni zamanda, nəzəri biliklərlə praktiki təcrübənin əlaqəsini gücləndirmək məqsədilə əməkdaşların peşə hazırlığının artırılmasında qarşılıqlı iştirak təmin olunacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: