Dövlət müəssisələri ilk rüblük maliyyə hesabatlarını “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə təqdim edir
Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2025-ci il tarixli “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq dövlət maliyyəsinin səmərəli idarə olunması istiqamətində mühüm addımlar atılır.
Azturkxeber.az xəbər verir ki, fərmana əsasən dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqinin həyata keçirilməsi və icra göstəricilərinin təhlili nəticələri barədə rübdə bir dəfə Dövlət başçısına məlumatların təqdim edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.
Fərmanın icrası çərçivəsində dövlət müəssisələri üzrə beynəlxalq standartlara uyğun tərtib edilmiş maliyyə hesabatlarının (İFRS) və digər maliyyə məlumatlarının, büdcə layihələrinin və proqnozlarının, eləcə də onların icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili, həmçinin dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin tənzimlənməsi üzrə yeni “Qaydalar” təsdiq olunub.
Eyni zamanda, dövlət müəssisələri tərəfindən təqdim edilməli olan hesabat formaları hazırlanaraq Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilib və normativ hüquqi aktların dövlət reyestrinə daxil edilib.
Təsdiq edilmiş “Qaydalara” əsasən dövlət müəssisələri maliyyə vəziyyətinə və maliyyə fəaliyyətinə dair ilk rüblük məlumatları “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” (DMRM) altsistemi vasitəsilə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə təqdim edirlər.
Bu məqsədlə Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi və Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən dövlət müəssisələrinin nümayəndələri üçün hesabatlılıq, məlumatların təqdim olunması qaydaları və istifadə edilən rəqəmsal platforma barədə onlayn sessiyalar, canlı təqdimatlar və təlimlər keçirilir.
Dövlət müəssisələri üzrə aparılacaq monitorinq və təhlilin məqsədləri dövlət maliyyəsinin səmərəli idarə edilməsi, dövlət müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması, uçot və hesabatlılığın təkmilləşdirilməsi, bu müəssisələr üzrə korporativ və əməliyyat risklərinin müəyyən edilməsi və bu risklərin dövlət maliyyəsinə təsir potensialının qiymətləndirilməsindən ibarətdir.
Yeni tələblər həmçinin, dövlət müəssisələrinin mənfəətliliyinin artırılması və onların dövlət büdcəsi resurslarından asılılığının azaldılması, eləcə də orta və uzunmüddətli dövrdə dövlət maliyyəsi qarşısında yarana biləcək fiskal risklərin öncədən müəyyənləşdirilməsinə xidmət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: