azturkxeber.az
http://azturkxeber.az

Ələt azad iqtisadi zonasının inkişafı və investisiya imkanlarının genişləndirilməsinə dair müzakirələr aparılıb

22-04-2026

Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə yaradılmış İşçi Qrupun III iclası keçirilib. İqtisadiyyat naziri, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarovun iştirakı ilə keçirilən iclasda Ələt azad iqtisadi zonasının fəaliyyətinin səmərəli təşkili və investisiyaların cəlb edilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyindən bildirilib ki, Ələt azad iqtisadi zonasında qabaqcıl idarəetmə təcrübəsinə əsaslanan, yüksək əlavə dəyər yaradan və ixracyönümlü istehsalı təşviq etmək məqsədilə işlər davam etdirilir.

İclasda Ələt azad iqtisadi zonasında beynəlxalq hava limanının tikintisi və infrastrukturun qurulması işlərinin icra vəziyyəti barədə məlumat verilib. Azad iqtisadi zonada qeydiyyatdan keçmiş və fəaliyyətə başlamış şirkətlər, bir sıra investorlar tərəfindən təqdim olunan layihələr diqqətə çatdırılıb. Vurğulanıb ki, zonanın fəaliyyətinin gücləndirilməsi innovativ texnologiyalar tətbiq edən investorların cəlb edilməsi, onların yerli şirkətlərlə əməkdaşlığının genişləndirilməsi, eləcə də yeni iş yerlərinin yaradılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik olan Ələt azad iqtisadi zonasında investorlar üçün bir çox fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir. Zonada fəaliyyət göstərən rezidentlər üçün xüsusi vergi rejimi çərçivəsində əlavə dəyər vergisi də daxil olmaqla bir sıra vergi və gömrük güzəştləri nəzərdə tutulur. Həmçinin əcnəbi hüquqi və fiziki şəxslərin Ələt azad iqtisadi zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyətin tətbiq edilməməsi, valyuta əməliyyatları və mənfəətin repatriasiyasının sərbəst olması, xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbinin olmaması və digər üstünlüklər mövcuddur. Bundan başqa, investorlara ərazi-daxili (daxili yollar, elektrik, su, qaz xətləri, kanalizasiya sistemi, rabitə və s.) və ərazi-xarici infrastruktur (magistral yollar, dəmir yolu bağlantıları, dəniz və hava limanına çıxış və s.), eləcə də mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyə hazır sənaye torpaq sahələrinin təqdim olunması Ələt azad iqtisadi zonasının cəlbediciliyini daha da artırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930