azturkxeber.az
http://azturkxeber.az

“At gücü” sənədli filminin təqdimatı olub

17-04-2026

Nizami Kino Mərkəzində “At gücü” (Horse Power) sənədli filminin təqdimatı olub.

Azturkxeber.az xəbər verir ki, film dünyanın ən seçilən atlarının hekayəsindən, onların qeyri-adi gücündən və insanla unikal bağlılığından bəhs edir.

Layihə filmləri 70-dən çox ölkədə yayımlanan, vəhşi təbiət haqqında məzmun yaradan məşhur “Plimsoll Productions” və “Eos Films” istehsal şirkətlərinin birgə məhsuludur.

Filmin çəkilişləri ABŞ, Azərbaycan, Böyük Britaniya, Çin, Qətər və Niderlandda aparılıb. Azərbaycandakı çəkilişlər Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) dəstəyi ilə həyata keçirilib. Filmdə təqdim olunan dünyanın məşhur at cinsləri arasında Azərbaycanın milli irsi olan Qarabağ atları öz layiqli yerini tutub.

Bu, “Mavi Planet II” və “Yer Kürəsi II” filmlərinin yaradıcıları tərəfindən atlar haqqında indiyədək çəkilmiş ən iddialı sənədli filmdir.

Şərq təqviminə görə 2026-cı il “At ili”dir və dünyanın hər yerində filmin nümayişləri məhz buna həsr olunub. Proqnozlara görə, filmin auditoriyası 100 ölkədə 300 milyon izləyicini ötəcək. Bütün bunlar teleyayım, onlayn izləmə imkanlarını təqdim edən striminq platformaları, kinoteatr nümayişləri, eləcə də dünyanın müxtəlif yerlərində yüzlərlə muzeydəki yayımlar vasitəsilə həyata keçiriləcək.

Filmin ərsəyə gəlməsində dünya təcrübəsinə malik komanda iştirak edib. Layihənin məsləhətçiləri sırasında Böyük Britaniyanın məşhur fotoqrafı, Kral Atçılıq Şousunun, eləcə də atçılıq idman növləri üzrə yarışların fotoqrafı kimi ixtisaslaşan, Kral Coğrafiya Cəmiyyətinin üzvü Henri Dallal (Henry Dallal) da daxil olmaqla, aparıcı elm və mədəniyyət mütəxəssisləri var.

Filmin rejissoru - Mark Braunlou (Mark Brownlow)

Onun filmlər siyahısına “Yer kürəsi II” və “Edem: Ram olunmamış planet” kimi layihələr daxildir. O, həmçinin BBC-nin çoxsaylı mükafatlarına layiq görülmüş “Mavi planet II”, “Kiçik nəhənglər 3D”, “Okeanlar: bizim mavi planetimiz 3D” və digər serialların prodüseri və rejissorudur.

Prodüser – Sun Şuyun (Sun Shuyun)

Beynəlxalq əməkdaşlıq sahəsində ən məhsuldar prodüserlərdən biridir.

2-ci rejissor - Rob Sallivan (Rob Sullivan)

Titullu prodüser və sənədli seriallar rejissorudur. O, yerli hekayələri duymaq və çəkiliş üçün unikal məkanlara giriş əldə etmək sahəsində böyük təcrübəyə malikdir.

Filmin kadrarxası mətnini “Oskar” mükafatı nominantı aktyor Coş Brolin (Josh Brolin) səsləndirir, musiqinin müəllifi isə “Emmy” mükafatı laureatı, bəstəkar Barnabi Teylordur (Barnaby Taylor).

Filmin təqdimatı çərçivəsində Nizami Kino Mərkəzində Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin “At gücü” mövzusunda rəsm əsərləri də nümayiş olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2026    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
27282930