Naxçıvanın 2025-ci il üzrə sosial-iqtisadi inkişafına dair göstəriciləri açıqlanıb
Ötən il Naxçıvan Muxtar Respublikasında ÜDM istehsalı 1 709,4 milyon manat olub. ÜDM həcmi 2024-cü illə müqayisədə real ifadədə 3,8 faiz artıb. Daxili bazarda pərakəndə ticarət dövriyyəsi 4,0 faiz artaraq 1 366,3 milyon manat, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,3 faiz artaraq 198,5 milyon manat olub.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, 2025-ci ildə sənaye məhsulu istehsalı 7,2 faiz artaraq 474,2 milyon manata çatıb. Həmçinin xarici ticarət dövriyyəsi 130,1 milyon ABŞ dolları təşkil edib. Ötən illə müqayisədə xarici ticarət dövriyyəsi, ümumilikdə 3,7 faiz, o cümlədən idxal 1,4 faiz, ixrac isə 28,4 faiz artıb. Eyni zamanda, 2025-ci ildə əsas kapitala 397,3 milyon manat vəsait yönəldilib ki, bu da 2024-cü illə müqayisədə 45,2 faiz artım deməkdir. Vəsaitin 40,5 faizi məhsul istehsalı sahələrinə, 30,9 faizi xidmət sahələrinə, 28,6 faizi yaşayış evlərinin tikintisinə sərf olunub.
Büdcə gəlirləri 290,65 milyon manat olmaqla, 2024-cü illə müqayisədə 11,3 faiz artıb. Daxilolmalarda vergi orqanları üzrə 260,4 milyon manat, gömrük orqanları üzrə 18,3 milyon manat, büdcə təşkillatlarının ödənişli xidmətləri üzrə 2,5 milyon manat, digər daxilolmalar üzrə isə 9,45 milyon manat qeydə alınıb.
Muxtar respblikada inkişaf prioritetlərinə uyğun olaraq infrastrukturun yenilənməsi, sahibkarlığın təşviqi, yeni iş yerlərinin yaradılması və əhalinin rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər iqtisadi fəallığın genişlənməsinə mühüm töhfə verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:



