Ötən il şəkili fermerlər 5400 tondan çox quru tütün istehsal ediblər
Ötən il Şəki rayonunun təsərrüfatlarında 5418,4 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki illə müqayisədə 890,4 ton artıb.
Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun böyük məsləhətçisi Nizami İsmayılov məlumat verib.
Qurum rəsmisi bildirib ki, ötən il rayonun təsərrüfatlarında 1805,5 hektar sahədə tütün əkilib. Tütün əkini sahələri əvvəlki illə müqayisədə 204,5 hektar artıb. Şəkili fermerlər ötənilki mövsümdə 1500 hektar sahədə “Virciniya botaniki”, 305,5 hektarda isə yerli tütün sortları yetişdiriblər. Mövsüm ərzində tütünçülük təsərrüfatlarında 2700-dən çox kənd sakininin məşğulluğu təmin olunub.
Baş Göynük kəndindən olan fermer Seyidəli Abdullayev ötən il rayon üzrə hamıdan çox - 324 hektarda tütün əkib. Fermer mövsüm ərzində emal məntəqəsinə 3570 ton yaş tütün kütləsi təhvil verib. Cumakənddən olan fermer Həsən Səfərov isə ötənilki mövsümdə 154 hektarda tütün yetişdirib, O, emal məntəqəsinə 2980 ton yaş tütün təhvil verib.
Hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda builki mövsümdə tütün əkiləcək sahələr müəyyənləşdirilir. Tütün şitillərinin yetişdirilməsi üçün torpaq mülkiyyətçiləri tərəfindən fevralın əvvəllərində sadə istixanaların hazırlanmasına başlanılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: