Qələbəmizin şah damarı – QARABAĞ! - Orxan Aslan yazır
Bizləri zəfərə, qalibiyyətə, uğura aparan yolun adı var – QARABAĞ!
Qələbənin nə olduğunu, onu necə yaşamaq lazım gəldiyini biz – bu xalq – yaxşı bilirik. 2020-ci ilin payızında millət olaraq tarixi bir dönüş nöqtəsi yaşadıq. Qarabağ uğrunda verilən mübarizə, şəhidlərimizin qanı ilə yazılan o Zəfər salnaməsi bir millətin dirçəlişi oldu. O gündən bəri, Qarabağ bizim üçün sadəcə coğrafi bir məkan deyil – o, bir ruhdur, bir amal, bir həyat fəlsəfəsidir.
Zəfər hissi artıq bizə yad deyil. Bu hiss son beş ildə qanımıza, canımıza, ruhumuza hopub. Bu gün Qarabağ adı hər səslənəndə ürəyimiz qürurla döyünür, gözlərimiz dolur, başımız ucalır. Dünən isə bu müqəddəs ad bizə yenidən qələbə dadını yaşatdı – bu dəfə futbol meydanında.
8 illik fasilədən sonra “Qarabağ” futbol klubu bir daha tarix yazdı – UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı. Bu, sadəcə idman qələbəsi deyil, bu, milli və birlik ruhunun təcəssümüdür.
Bu klub təkcə futbol oynamır – o, bir missiya daşıyır. 1993-cü ildə Ağdamın işğalı ilə doğma meydanını, stadionunu itirən, məcburi köçkün şəhərin komandası olan Qarabağ, illərlə məcburi səfərlərdə olsa da, heç vaxt ruhunu itirmədi. O, Ağdamla, doğma torpağı ilə olan bağını heç zaman qoparmadı. İndi isə azad Qarabağın, azad Ağdamın adını Avropa səhnəsində dalğalandırır. Bu, həm tarixdir, həm gələcəkdir, həm də örnək!
“Qarabağ” futbol klubunun bu uğuru təkcə idmansevərləri deyil, hər bir vətəndaşı sevindirdi. Çünki bu klubun adı sadəcə bir komandanı deyil, bir xalqın, bir torpağın yenilməzliyini təmsil edir. Bu komanda hər çıxışında, hər qolunda, hər qələbəsində "biz buradayıq!" – deyir.
İndi isə Qarabağ, dünyanın ən güclü klubları ilə eyni səhnədədir. Avropanın nəhəng stadionlarında Azərbaycan bayrağı dalğalanacaq, minlərlə insan “Qarabağ” adını eşidəcək. Bu təkcə futbolda bir uğur deyil – bu, Azərbaycanın səsini, haqqını, gücünü dünyaya çatdırmaqdır.
Qarabağ – bizim evimiz, Vətənimiz, sevinc göz yaşımız, hər gün etdiyimiz dualarımız, hər səhər gözümüzü açarkən düşündüyümüz gerçəyimizdir. O, həm də qələbələrimizin şah damarıdır.
Döyüş meydanında olduğu kimi, futbol meydanında da əldə etdiyimiz uğurlar bir daha göstərdi: adını Qarabağ qoyduğumuz hər şeyə zəfər yaraşır. Çünki bu ad müqəddəsdir. Bu ad bizim üçün təkcə qürur deyil – bu ad bizim kimliyimizdir.
Qarabağın hər zəfəri – istər hərbi, istər siyasi, istər idman – bizə bir daha xatırladır: birlikdə güclüyük, haqq yolunda məğlubedilməzik, vətənə sevgi ilə yoğrulmuş bir xalq heç vaxt baş əyməz.
Son sözümüz bəllidir:
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Və qələbəmizin adı birdir – QARABAĞ!