Ağdamda iki azyaşlı uşağın valideynləri tərəfindən döyülməsi faktı üzrə istintaq aparılır – uşaqlardan birinin vəziyyəti ağırdır
Ağdam rayonunun Xındırıstan kəndində iki azyaşlı uşağın (2 və 3 yaş) valideynləri tərəfindən döyülərək xəsarət alması faktı üzrə aidiyyəti qurumlar tərəfindən əsaslı araşdırma işləri aparılır.
Hadisə nəticəsində zərərçəkən hər iki uşaq ilkin olaraq, Ağdam Rayon Xəstəxanasına yerləşdirilmişdir. Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən uşaqlardan birinin (3 yaşlı uşaq) vəziyyətinin ağır olması səbəbindən onun daha ixtisaslı tibbi xidmət alması üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunması həyata keçirilmişdir.
Azyaşlının üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.Həkimlərin müşahidəsi altında saxlanılır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən məsələ nəzarətə götürülüb.Uşaqların valideynləri isə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.
Hazırda Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən valideynlərin Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrumetmə məsələsinə baxılır.