azturkxeber.az
http://azturkxeber.az

Uşaqların Hüquqlarının Müdafiəsi ilə Bağlı Ombudsman Aparatının Mövqeyi

23-08-2025

Ombudsman Aparatının daxil olmuş sorğuya münasibəti:

Azərbaycan Respublikasında uşaqların hüquq və azadlıqlarının müdafiəsi dövlətin daim diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sənədlərin tələbləri nəzərə alınmaqla güclü qanunvericilik bazası formalaşdırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə biləcək fəaliyyətlərə cəlb etməyin qadağan olunması təsbit edilmişdir.

İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlər və milli qanunvericilik aktları uşaq əməyinin istismarını qadağan edir. Uşaq əməyinin istismarı uşaqların fiziki və mənəvi inkişafına zərər vurur, əksər hallarda onların təhsildən yayınmasına səbəb olur.

Uşaq hüquqlarının müdafiəsi və təbliği Ombudsmanın fəaliyyətində əsas istiqamətlərdən biridir. Müvəkkil uşaqların mənafelərinin hər zaman üstün tutulmasının, onların sağlam psixoloji mühitdə böyüməsinin dövlətin, cəmiyyətin və hər bir fərdin birgə vəzifəsi olduğunu vurğulayır. Uşaqların mənafelərinə uyğun olmayan paylaşım və fəaliyyətlər onların psixoloji inkişafına və təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, şəxsi həyatın toxunulmazlığı prinsipini pozur və istismar riskini artırır.

Ombudsman hesab edir ki, media subyektlərində, sosial şəbəkələrdə uşaqlarla bağlı hər hansı materialın yayılmasından öncə bunun səbəb ola biləcəyi nəticəyə mütləq diqqət yetirilməli və uşağın şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmət edilməlidir. Hazırlanan materialın məzmunu uşaqların hüquq və azadlıqlarına zidd olmamalı, onların qanuni mənafelərinə uyğun şəkildə istifadə edilməlidir. Bununla yanaşı, uşaqlar üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə də şərait yaradılmalıdır.

Ombudsman dəfələrlə uşaq hüquqlarının pozulması ilə bağlı müraciətlərlə çıxış etmiş, illik məruzələrində uşaqların istismarı və onların inkişafına zərər vura biləcək hallara qarşı hüquqi və ictimai tədbirlərin gücləndirilməsini tövsiyə etmişdir.

Belə halların yolverilməz olduğunu diqqətə çatdıraraq Ombudsman bir daha media subyektlərini, cəmiyyətin hər bir üzvünü, o cümlədən valideynləri uşaqlarla bağlı materialların paylaşılmasında diqqətli və həssas davranmağa, etik prinsiplərə və hüquqi tələblərə riayət etməyə çağırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031