Zaqataladan Gələn Nümunə: Əhmədovlar ailəsi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsinin bugünkü qonağı Zaqatala rayonundan olan, ziyalı və nümunəvi həyat tərzi ilə seçilən Əhmədovlar ailəsidir.
Təhsil sahəsindəki zəngin fəaliyyəti, ailə dəyərlərinə sadiqliyi və övladlarının uğurlu gələcəyi naminə göstərdikləri səyləri ilə nümunəvi ailələr sırasında xüsusi yer tutan Əhmədovlar ailəsi, uzun illərdir birlikdə qurduqları sağlam və möhkəm, inkişafa və təhsilə daim önəm verən ailə modeli ilə gənc nəsillərə örnəkdir.
42 ildir birgə ömür sürən Cərullah Əhmədov və Fatma Əhmədovanın nikahlarından 4 övladı və 9 nəvəsi var.
Təxminən 40 illik pedaqoji fəaliyyəti olan Cərullah Əhmədov 24 il müəllim, 15 il isə məktəb direktoru kimi çalışıb. Fatma Əhmədova isə uzun illər mədəniyyət sahəsində fəaliyyət göstərib.
Övladlarının savadlı, məsuliyyətli və cəmiyyətə faydalı fərdlər kimi formalaşmasına xüsusi diqqət yetirən Əhmədovlar ailəsinin övladları bu gün müxtəlif sahələrdə uğurla fəaliyyət göstərir və qazandıqları bilik və təcrübə ilə cəmiyyətin inkişafına töhfə verirlər.
Ailə dəyərlərinə sadiq yaşam tərzi ilə seçilən Əhmədovlar ailəsinin gənclərə ünvanladığı dəyərli tövsiyələr hər birimiz üçün həyat dərsi, örnək və ilham mənbəyidir.
Cərullah Əhmədov: “Gənclərə məsləhətimiz budur ki, ailə həyatını sevgi, anlayış və qarşılıqlı hörmət üzərində qursunlar. Çətinliklər qarşısında bir-birilərinə dəstək olsunlar və problemləri sakit, anlaşma yolu ilə həll etməyə çalışsınlar. Ehtiyac olduqda isə böyüklərin və mütəxəssislərin məsləhətlərindən faydalanmaqdan çəkinməsinlər.”
Fatma Əhmədova: “Vətənə və dövlətə sevgi ilk növbədə ailədən başlayır. Əgər insan ailəsində hörmət və dəyər görürsə, o, öz vətəninə və dövlətinə də sevgi ilə yanaşacaq.”