Qusarda iki yeni məktəb binası tikilir
Qusar rayonunun Cibir və Kuzunqışlaq kəndlərində yeni məktəb binaları tikilir.
Cibir kəndindəki məktəb binası 264, Kuzunqışlaq kəndindəki isə 220 şagird yerlikdir.
Son tamamlama və tərtibat işləri aparılan Cibir kənd məktəbində, sinif otaqları, laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman və akt zalı, kitabxana və yeməkxana olacaq.
Müasir məktəb binasının növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.
Hazırda şimal bölgəsində Qusardakı iki məktəblə yanaşı, Quba rayonunun Hacıhüseynli kəndində 528, Şabran rayonunun Ağalıq kəndində isə 648 şagird yerlik məktəb binalarının tikintisi davam edir.
Son iki il ərzində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan 67-dən çox məktəbdə cari, 12 məktəbdə isə əsaslı təmir işləri həyata keçirilib. 5 modul tipli yeni məktəb istifadəyə verilib, 7 məktəb binası isə sökülərək yenidən tikilib.