azturkxeber.az
http://azturkxeber.az

Kəlbəcər və Ağdərə: Böyük Qayıdışın ardıcıl mərhələsi

22-08-2025

Azərbaycan dövləti bu il 44 günlük Vətən müharibəsində əldə edilmiş möhtəşəm Qələbənin beşinci ildönümünü böyük tarixi qürurla qeyd edəcək. Beş il öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və ədaləti bərpa etdi. Bu Zəfər təkcə hərbi-siyasi uğur deyil, həm də xalqımızın iradə birliyinin, milli qətiyyətinin və ərazi bütövlüyünə sarsılmaz inamının təcəssümüdür.

Azərbaycan dövləti Vətən müharibəsində əldə etdiyi hərbi-siyasi üstünlüyü davam etdirərək 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda lokal xarakterli antiterror tədbirlərini həyata keçirdi. Bu əməliyyat nəticəsində bölgədə qeyri-qanuni silahlı birləşmələr tərksilah olundu, konstitusiya quruluşumuz tam bərpa edildi, dövlət suverenliyi bütün Qarabağ ərazisində təmin olundu.

Qələbədən sonra dövlətimizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışının təmin edilməsi və bölgədə dayanıqlı sülhün bərqərar olunması idi. Son beş ildə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl siyasət nəticəsində bu hədəflərin reallaşmasında böyük nailiyyətlər əldə olunmuşdur.

Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində imzalanmış sülh sazişi Azərbaycanın regionda dayanıqlı sabitliyi təmin etmək istiqamətində atdığı ən mühüm tarixi addımlardan biri oldu. Bu saziş 44 günlük müharibədən sonra yaranmış yeni reallıqları beynəlxalq hüquqi müstəvidə təsbit etməklə yanaşı, bölgədə qarşıdurmaların birdəfəlik aradan qalxmasına zəmin yaratdı.

Sülh sazişi yalnız Azərbaycanın suverenliyini möhkəmləndirmədi, həm də Böyük Qayıdış prosesinə əlavə hüquqi təminatlar verdi. Çünki məhz sülhün bərqərar olması azad olunmuş torpaqlara qayıdan əhalinin təhlükəsizliyi və rifahı üçün əsas şərtdir.

Bu mənada Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Ağdərəyə son səfərləri xüsusi əhəmiyyət kəsb edir. Səfərlər Böyük Qayıdış proqramının ardıcıl mərhələsi olmaqla yanaşı, Qələbənin beşinci ildönümündə azad olunmuş ərazilərdə gedən inkişafın, dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığının parlaq göstəricisidir.

Kəlbəcərin təbii sərvətləri və zəngin su ehtiyatları, Ağdərənin isə strateji mövqeyi bölgənin iqtisadi və siyasi əhəmiyyətini artırır. Burada görülən işlər yalnız həmin rayonların deyil, bütövlükdə Azərbaycanın inkişafına xidmət edir.

Bu səfərlər çərçivəsində xüsusi əhəmiyyət daşıyan layihələrdən biri Murovdağ tunelinin tikintisidir. Azərbaycanın ən mürəkkəb dağ massivlərindən birində inşa olunan bu nəhəng mühəndis qurğusu həm Qarabağ bölgəsinə gedən yolu xeyli qısaldacaq, həm də Kəlbəcərin digər rayonlarla birbaşa əlaqəsini təmin edəcək.

Ümumiyyətlə, Qələbədən ötən beş ildə Kəlbəcər və Ağdərə rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilmişdir. Müasir yollar, elektrik stansiyaları, sosial obyektlər istifadəyə verilmiş, kəndlərin bərpasına başlanılmışdır. Prezident və birinci xanımın səfərləri zamanı bu layihələrin açılışında iştirak etməsi dövlət rəhbərliyinin azad olunmuş torpaqlara daim xüsusi diqqət göstərdiyini bir daha nümayiş etdirdi.

Belə ki, səfər zamanı dövlətimizin başçısı və birinci xanım ilk olaraq Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar, Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib, sonra Müzəffər Ali Baş Komandan Kəlbəcər şəhər parkının və Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməllərini qoyub, “Balland - Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib, daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər, Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşdə deyib: “Bizim üçün 2023-cü ilin 19-20 sentyabrı 8 noyabr qədər şərəfli və tarixi günlərdir. O vaxtdan bu yana Azərbaycan xalqı sülh şəraitində yaşayır və əminəm, bundan sonra da sülh şəraitində yaşayacaq”.

“Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi”, - deyə Prezident vurğulayıb.

Eyni zamanda, Prezident İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşündəki çıxışında bildirib: "Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur".

Kəlbəcər şəhər sakinləri ilə görüşdən sonra isə dövlətimizin başçısı və birinci xanım Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə, Ağdərə rayonunun Vəngli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, burada Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşüblər, onlarla söhbət ediblər.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanın əsas məqsədi qalib dövlət kimi bölgədə sülh və əməkdaşlığı möhkəmləndirməkdir. Beşillik Qələbə yolunun, 2023-cü ilin antiterror əməliyyatının məntiqi nəticəsi kimi imzalanmış sülh sazişi və ardınca həyata keçirilən səfərlər göstərir ki, artıq ölkəmiz yeni bir tarixi mərhələyə qədəm qoyub: Qələbədən sülhə, sülhdən isə dirçəlişə doğru.

Beləliklə, Kəlbəcər və Ağdərə bu gün Qələbənin, təhlükəsizliyin, sülhün və dirçəlişin birgə təcəssümünə çevrilərək Azərbaycanın gələcək inkişaf yolunun canlı simvoluna dönmüşdür.

Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan qarşıya qoyduğu hədəfləri uğurla yerinə yetirir, bu yolda inamla irəliləyir. Perspektivdə isə Böyük Qayıdış layihəsi çərçivəsində azad olunmuş ərazilərimiz dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031