Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına hazırlıqla bağlı Keniya ilə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib
Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri xanım Elis Vahome ilə görüşüb.
Səfirlikdən bildirilib ki, görüşdə əlçatan mənzil təminatı sahəsində Keniyanın Afrika qitəsi üzrə qabaqcıl təcrübəsi, dayanıqlı şəhərsalma və iqlim dəyişikliyi mövzularının həmin region ölkələri üçün mühüm mövzulardan olduğu qeyd edilib.
Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə 2026-cı ildə Bakı şəhərində ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) yuxarıda qeyd edilmiş mövzuların müzakirə ediləcəyi və müvafiq hazırlıq proseslərində Keniya və Azərbaycan arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Bu müstəvidə xanım Vahome WUF13-ün milli koordinatoru, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə keçirilmiş görüşləri xatırlayıb.
Nazir və səfir sahə üzrə birgə səylərin böyük potensialını vurğulayaraq, onların, eyni zamanda, digər Afrika ölkələrinin WUF13-də fəal iştirakına təkan verə biləcəyi ilə bağlı həmfikir olduqlarını, bu istiqamətdə praktiki işlərin davam edilməsinin əhəmiyyətini vurğulayıblar.
Səfir nazir Elis Vahomeyə 2025-ci il oktyabrın 15-17-də Xankəndi və Bakı şəhərlərində keçiriləcək 3-cü Azərbaycan Şəhərsalma Forumunun əhəmiyyəti haqqında məlumat verib və onu tədbirə dəvət edib.