Astarada yol hərəkəti təhlükəsizliyi ilə bağlı profilaktik tədbir keçirilib
Astara rayonunda sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi və bu sahədə qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin artırılması məqsədilə polis əməkdaşları profilaktik tədbir keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki vəziyyəti, normadan artıq sayda oturacaqların quraşdırılması, sürücülərin müvafiq kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququnun olub-olmaması, onların tibbi müayinədən keçməsi və digər normativ tələblər yoxlanılıb.
Sürücülərlə profilaktik söhbətlər aparılıb və hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tövsiyələr verilib.
Bundan əlavə, yol polisi əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı idarə etdiyi "VAZ" markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü İsgəndər Hacıyev saxlanılıb.
Yoxlanış və müvafiq tibbi müayinə zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. Barəsində toplanılmış material baxılması üçün məhkəməyə göndərilib və o, 10 sutka inzibati qaydada həbs olunub.