İsveçin sabiq milli təhlükəsizlik müşaviri məhkəmə qarşısına çıxarılıb
Attund dairə məhkəməsində İsveçin sabiq milli təhlükəsizlik müşaviri Henrik Landerholmun məhkəmə prosesi başlayıb.
Ona qarşı konfrans mərkəzindəki otağında nəzarətsiz şəkildə qoyduğu məxfi sənədlərə etinasız yanaşma ilə bağlı ittiham irəli sürülüb.
Baş prokuror Per Lindkvist vurğulayıb ki, kimin məhz həmin materiallara çıxışı olduğunu müəyyən etmək mümkün olmayıb ki, bu da dövlət sirrinin mühafizəsi nöqteyi-nəzərindən ciddi problemdir. Onun sözlərinə görə, söhbət olduqca konfidensial məlumatlardan gedir və onların üzə çıxması dövlət təhlükəsizliyinə ziyan vura bilər.
H.Landerholm həmin sənədləri unutduğunu etiraf edir, amma onun vəkili Yuhan Eriksson iddia edir ki, onları nəzarətsiz qoymaq heç də dövlət sirrinin açıqlanması anlamına gəlmir. Müdafiə tərəfi, həmçinin məlumatın həqiqətən də ittiham tərəfinin iddia etdiyi kimi milli təhlükəsizlik üçün vacib olduğuna dair sonuncunun fikrini bölüşmür.
Məhkəmə iclasının bir hissəsi hərbi kəşfiyyat və təhlükəsizlik xidmətinin dəstəklədiyi prokurorluğun vəsatətinə uyğun bağlı qapılar arxasında keçirilir. Landerholm özü ittihamların mahiyyəti ilə bağlı şərh verməkdən çəkinir və yalnız qeyd edir ki, insan həmişə arxaya boylanaraq hipotetik şəkildə necə hərəkət edə biləcəyini bir daha düşünə bilər.
Xatırladaq ki, H.Landerholm Baş nazir Ulf Kristerssonun uşaqlıq dostudur. O, 2023-cü ilin martında konfrans mərkəzində məxfi sənədləri unudub, iki ay əvvəl müsahibədən sonra “Sveriges Radio”nun redaksiyasında notbukunu qoyub gedib. 2022-ci ilin sonunda isə müşavir mobil telefonunu Macarıstan səfirliyində unudub.