Fransada əczaçılar tətil elan ediblər
Fransada əczaçılar hökumətin dərman zavodlarının apteklərə verdiyi endirimlərin yuxarı həddini azaltmaq qərarına qarşı tətil elan ediblər. Hökumətin bu addımının kiçik apteklərin gəlirlərinə ciddi zərbə vuracağı və bağlanacağı iddia olunur.
Hökumətin qərarına əsasən, dərman istehsalçıları apteklərə gündəlik istifadə edilən cenerik, yəni tərkibində kimyəvi maddə olan dərmanlar üzrə verilən endirimləri 40 faizdən 20-25 faizə endirəcəklər. Bu da apteklərin mənfəət gəlirlərinin kəskin azalması deməkdir.
Tətilin genişmiqyaslı olacağı gözlənilir. Belə ki, bəzi əczaçılar məcburi xidmətlə əlaqədar işləyəcəklər. Lakin onlar xüsusi sarğı taxaraq etiraz etdiklərini bildirəcəklər.
Əczaçılar ölkənin Baş naziri Fransua Bayruya da narazılıqlarını bildiriblər. Onların fikrincə, bu qərar səhiyyə naziri ilə razılaşdırılmadan qəbul olunub və dərman sənayesi şirkətləri üçün “hədiyyə”dir.
Etirazçılar "yaşıl jilet” hərəkatına başlayacaqlarını da bildiriblər. Məqsəd isə kənd və şəhər kənarındakı apteklərin bağlanmasının qarşısını almaqdır.
Fransa Əczaçılar İttifaqları Federasiyasının və Səhiyyə Sahəsində Azad Peşə Sahibləri Assosiasiyasının prezidenti Filip Besse bildirib ki, hökumətin müvafiq qərarı kiçik aptekləri sıradan çıxaracaq. "Bu bir çox apteklər üçün sonun başlanğıcıdır. Bu qərar sosial sığorta məsələlərinə də təsir edəcək”, - deyə o vurğylayıb.
Statistikaya görə, keçən il Fransada 260, bu ilin ötən dövründə isə 140 aptek fəaliyyətini dayandırıb.