Səhiyyə Nazirliyi: “Gənc qızların sağlam gələcəyi düzgün qidalanma, gigiyena və profilaktik müayinələrdən başlayır”
Mama-ginekoloq Kəmalə Əfəndiyeva ilə müsahibə
- Kəmalə xanım, niyə qız uşaqlarında sağlamlıq vərdişləri erkən yaşlardan formalaşdırılmalıdır?
- Qız uşaqlarının sağlam inkişafı cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Cinsi yetkinlik dövrü başlayandan etibarən orqanizmdə baş verən bioloji, psixoloji və hormonal dəyişikliklər onların gələcək sağlamlığına bilavasitə təsir göstərir. Bu dövrdə qızlar bədənlərini tanımağa başlayır, özlərini və ətraf aləmi fərqli gözlə görürlər. Bu mərhələdə düzgün istiqamətləndirilmə və tibb mütəxəssislərinin maarifləndirici dəstəyi onların bədənlərinə qarşı məsuliyyətli münasibət formalaşdırmasına yardım edir. Erkən yaşlardan mütəmadi tibbi müayinələrin başlanması, düzgün gigiyenik vərdişlərin öyrədilməsi və emosional dayaq göstərilməsi, qadının həyat boyu fiziki və psixoloji sağlamlığını gücləndirən əsas amillərdəndir.
- Yeniyetmə dövründə menstruasiyanın əsasə əlamətkəri necə olmalıdır və hansı hallar həkimə müraciət tələb edir?
- Adətən menstruasiya 11-14 yaş arasında başlayır və ilk bir neçə ildə qeyri-müntəzəm ola bilər. Bu, bədənin yeni hormonal ritmə uyğunlaşması ilə izah olunur. Lakin əgər menstruasiya 16 yaşa qədər başlamayıbsa, bu artıq həkim müdaxiləsi tələb edən vəziyyətdir. Eyni zamanda, 6 aydan uzun fasilə, çox güclü və ağrılı qanaxmalar, həmçinin menstruasiya zamanı huş və ya iş qabiliyyətinin tam itməsi kimi hallar ciddi ginekoloji və endokrinoloji problemlərin əlaməti ola bilər.
Bu dövrdə aparılan sadə müayinələr – ultrasəs və qan testləri ilə yumurtalıq funksiyası, hormon səviyyələri və daxili cinsiyyət orqanlarının inkişaf vəziyyətini qiymətləndirmək mümkündür.