Uşaqlar arasında məktəbdən yayınma hallarının səbəbləri araşdırılıb
Uşaqların Psixi Sağlamlığı Vəqfi adından aparılan yeni sorğu ABŞ-də uşaqlar arasında məktəbdən yayınma hallarının ciddi ölçüdə yayıldığını ortaya qoyub.
Araşdırmaya görə, keçən il övladının qorxu və ya narahatlıq səbəbilə məktəbə getmədiyini bildirən valideynlərin təxminən üçdə biri (30 faiz) uşaqlarının bir həftədən artıq məktəbə davam etmədiyini diqqətə çatdırıb.
Sorğuda 1000-dən çox valideyn iştirak edib və nəticələr göstərib ki, məktəbi buraxan hər beş şagirddən ikisi (42 faiz) özünü fiziki olaraq iştirak üçün kifayət qədər yaxşı hiss etmədiyini, 20 faizi isə həddindən artıq yorğunluq səbəbi ilə məktəbə getmədiyini bildirib. Mütəxəssislər vurğulayırlar ki, uşaqlarda fiziki simptomlar çox zaman narahatlıq kimi psixi sağlamlıq problemlərinin göstəricisi ola bilər.
Milli Sağlamlıq İnstitutlarının (NIH) məlumatına əsasən, məktəbdən yayınma halları ən çox 10-13 yaş arası və məktəb dəyişən uşaqlar arasında müşahidə olunur. Uşaqların Psixi Sağlamlığı Fondunun icraçı klinik direktoru, uşaq psixoloqu Ariana Hoet bildirir ki, məktəbdən yayınma səbəbləri arasında sosial narahatlıq, zorakılıq, uyğunlaşma çətinlikləri, imtahan və ya ictimai danışıq qorxusu, həmçinin diaqnoz qoyulmamış öyrənmə çətinlikləri əsas yer tutur.
A.Hoet qeyd edir ki, valideynlərin uşaqları qoruma instinktinə görə onları evdə saxlaması qısa müddətdə rahatlıq versə də, uzunmüddətli perspektivdə narahatlıq hissini gücləndirə bilər: “Narahatlıq doğuran vəziyyətlərdən qaçmaq, problemin daha da böyüməsinə gətirib çıxarır. Uşaqların güclü duyğularının öhdəsindən gəlmələrinə dəstək olmaq üçün onlarla açıq söhbət aparmaq vacibdir”.
Mütəxəssislər, valideynlər və tərbiyəçilər üçün sübuta əsaslanan pulsuz resursların mövcud olduğunu, bunların məktəbdən yayınmanın səbəblərini anlamağa və uşaqlara uyğun dəstək göstərməyə imkan yaratdığını vurğulayırlar.
Bu nəticələr məktəbdən yayınma ilə mübarizə aparmaq üçün valideynlərin və təhsil müəssisələrinin daha aktiv və koordinasiyalı addımlar atmasının zəruriliyini ortaya qoyur.