Avropa Gənclər Parlamentinin Azərbaycan İctimai Birliyinin XI Milli Seçim Konfransının bağlanış mərasimi keçirilib
Avqustun 12-də Avropa Azərbaycan Məktəbində Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan İctimai Birliyinin XI Milli Seçim Konfransının rəsmi bağlanış mərasimi keçirilib.
Tədbirdə BMT-nin Azərbaycan Respublikasındakı Rezident Koordinatorunun Ofisinin rəhbəri Kanako Mabuchi, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin missiya rəhbərinin müavini Eduard Evans, İtaliyanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Rikardo Kursi, BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) Azərbaycandakı rəhbəri Anna Soave, Avropa Azərbaycan Məktəbinin baş icraçı direktoru və CCAAIBWS-in sədri Francesko Bançini,
NAYORA-nın sədri Rafael Hacıbəyli və Avropa Gənclər Parlamentinin (EYP) İdarə Heyətinin üzvü Rüfət Mir Fəyzullazadə iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın üzvü Güldanə Dadaşova bildirilib ki, konfransda 150-dən çox gənc ilk tanışlıqları qurmaq və əməkdaşlığa zəmin yaratmaq fürsəti əldə ediblər. Müxtəlif interaktiv oyunlar və fəaliyyətlər vasitəsilə iştirakçılar bir-birini daha yaxından tanımaq, qarşılıqlı inam və komanda ruhu formalaşdırmaq imkanı qazanıblar. Bu ilin XI Milli Seçim Konfransının mövzuları, kosmos, aviasiya, rəqəmsallaşma, süni intellekt, dayanıqlılıq, qadınların və uşaqların hüquqlarının gücləndirilməsi, mühəndislik və texnologiya olub.
Gənclər gün ərzində həm açıq havada, həm də qapalı məkanlarda təşkil olunmuş tanışlıq oyunlarına və birgə fəaliyyətlərə böyük motivasiya ilə qoşulublar.
Günün sonunda isə əyləncəli oyunlar gənclərə maraqlı və yaddaqalan anlar yaşadıb. Güldanə Dadaşova bildirib ki, sessiyanın əsas mövzusu təhsildir və Avropa Gənclər Parlamentinin təmsil etdiyi birlik və əməkdaşlıq ruhunu nümayiş etdirir.
Qeyd edək ki, şəbəkə olaraq Avropa Gənclər Parlamentinin əsas məqsədi gənclərə könüllülük, multikulturalizm dəyərlərinin aşılanmasını təbliğ etmək, eyni zamanda mədəniyyətlərarası dialoq, mübadilə proqramları vasitəsilə müxtəlif ölkə gəncləri arasında körpü rolunu oynamaqdır.
“Biz birlik, komanda işi və əməkdaşlıq ruhunu qeyd etmək üçün toplaşmışıq. Bu il 9 komitə akademik araşdırmalar, mühəndislik, aviasiya, ətraf mühitin qorunması, dayanıqlılıq (“sustainability”), qadınların hüquqları, innovativ texnologiyalar, süni intellekt və gələcəyin innovasiya trendləri mövzusunda fəaliyyət göstərib”, - deyə Güldanə Dadaşova əlavə edib. Tədbirin Beynəlxalq Gənclər Gününə təsadüf etməsini xüsusi qeyd edən G.Dadaşova bildirib ki, Azərbaycan bu sahədə də bir çox ölkələri, o cümlədən beynəlxalq ictimaiyyəti qabaqlayıb.
Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bançini çıxışında deyib: “Siz hər şeyin gözəlinə layiqsiniz. Siz gələcəksiniz. Çünki biz daha irəli baxmalıyıq. Özünüzə inanın. Çünki içinizdə hələ kəşf etmədiyiniz istedadlar, bacarıqlar, heyrətamiz keyfiyyətlər var. Sizə güvənən və inanan müəllimləri tapın. Çünki onlar sizin motivasiyanız olacaq”.