İİTKM-də cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə dair fəaliyyət planının müzakirəsi aparılıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın icrası üzrə icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması ilə əlaqədar ilk iclas keçirilib.
İİTKM-dan bildirilib ki, mərkəzin icraçı direktorunun müavini Ayaz Museyibov Fəaliyyət Planının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsaslanan tapşırıqlar, atılacaq addımlar və hesabatlılıq mexanizmi barədə ətraflı məlumat verib.
Görüşdə Fəaliyyət Planının Tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılması üçün İİTKM tərəfindən icraçı qurumlara nümunəvi forma nümayiş etdirilib. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və Sərəncamda nəzərdə tutulduğu kimi, Fəaliyyət Planının monitorinq və qiymətləndirilməsinin Modul üzərindən həyata keçirilməsi prosesi barədə müzakirələr aparılıb.
İclasda Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Audiovizual Şuranın, Medianın İnkişafı Agentliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ədliyyə Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.