azturkxeber.az
http://azturkxeber.az

Aqrar sığorta eksperti olmaq istəyən namizədlər üçün növbəti təlimlər keçirilib

12-08-2025

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində sığorta hadisələrinin daha operativ və keyfiyyətli araşdırılması, fermerlərə sığorta ödənişlərinin daha sürətli həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu məqsədlə Aqrar Sığorta Fondunda aqrar sığorta eksperti olmaq istəyən namizədlər üçün növbəti təlimlər keçirilib. Təlimlərdə müxtəlif hadisələrin əkin sahələrinə vurduğu zərərlər, məhsuldarlığa təsirin araşdırılması prosesi, zərərlərin hesablanması və sair məsələlər barədə geniş məlumat verilib.

Aqrar Sığorta Fondunun ofisində və Şamaxı rayonunun meyvə bağlarında keçirilən təlimlərdə ölkənin müxtəlif regionlarından olan 28 namizəd iştirak edib.

Qeyd edək ki, aqrar sığorta ekspertləri - aqrar sığorta mexanizmində mühüm yer tutur. Sığortalanması üçün müraciət edilmiş təsərrüfatlara baxış keçirilərək risklərin qiymətləndirilməsi, eləcə də hadisə baş verən təsərrüfat və əkin sahələrində hadisələrin araşdırılması, dəymiş zərərin hesablanması aqrar sığorta ekspertləri tərəfindən həyata keçirilir.

Fermerlərə aqrar sığorta ödənişinin edilməsi barədə qərar aqrar sığorta ekspertlərinin rəyi əsasında həyata keçirilir.

Aqrar sığorta eksperti fəaliyyəti ödənişlidir – ekspertin göstərdiyi xidmətlərə görə, onlara xidmət haqqı, eləcə də yol pulu ödənişi edilir. Xidmət haqqı ekspertin baxış keçirdiyi təsərrüfatların və əkin sahələrinin sayı, ərazinin sahəsi, baxış keçirilən heyvan sayı və sair amillərdən asılı olaraq hesablanır. Bayram günlərində işləyən ekspertlər üçün xidmət haqları 50%, işğaldan azad edilmiş ərazilərdə isə 2 qat artıq hesablanır. Aktiv fəaliyyət göstərən ekspertlərin orta aylıq gəlirləri 1500-2000 manatdan başlayır və daha yüksək məbləğlərə çatır.

Aqrar Sığorta Fondunda keçirilən təlimlərdən sonra namizədlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlarda iştirak edəcəklər. Uğur qazanan (60% çox bal toplayan) namizədlər müvafiq sertifikat alacaq, adları Azərbaycan Mərkəzi Bankının (AMB) müvafiq reyestrinə daxil ediləcək və Aqrar Sığorta Fondu ilə xidməti müqavilə bağlayaraq fəaliyyətə başlaya biləcəklər. Xatırladaq ki, aqrar sığortanın əhatə dairəsi genişləndikcə, qeydə alınan sığorta hadisələri və fermerlərə ödənişlər də artmaqdadır. 2025-ci ilin ilk yarım ilinin nəticələrinə görə, Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 4,4 milyon manat sığorta ödənişi edilib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 55% artıqdır. Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031