azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanın görkəmli ziyalıları VI Yay Düşərgəsində

10-08-2025

Xankəndidə təşkil olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin iştirakı ilə panel təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən panelin qonaqları Xalq artisti, professor, dirijor Yalçın Adıgözəlov, Xalq artisti, teatr və kino aktyoru Fəxrəddin Manafov, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Əməkdar incəsənət xadimi, Türkiyənin Çukurova Universitetinin professoru Cahangir Novruzov olub.

Bu barədə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın mədəniyyət elçiləri Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın azad olunmasını və dünya azərbaycanlı gəncləri ilə Xankəndidə bir araya gəlmələrinin qürurunu böyük şövqlə dilə gətiriblər. Gənclərə fərqli xalqlar və mədəniyyətlər arasında “mədəni körpü” rolu oynamağın sirlərindən danışılıb, qarşılıqlı anlaşma, inteqrasiya və mədəni tolerantlıq barədə tövsiyələr verilib.

Çıxışlarda hər bir xalqın kimliyinin, tarixinin, dünyagörüşünün, dəyərlərinin ifadəsi və unikallığının nümayiş etdirilməsi baxımından mədəniyyətin əvəzsiz rolu diqqət mərkəzinə gətirilib. Qeyd olunub ki, xalqların gücü yalnız iqtisadi və ya hərbi sahədə deyil, onun mədəni irsində də öz əksini tapır. Məhz buna görə dünya azərbaycanlıları ölkəmizi həm də ən güclü vasitələrdən olan mədəniyyətlə təmsil etməli, ölkəmizə dostlar qazandırmalıdırlar. İştirakçılar Diaspor Gənclərinin Yay düşərgələrinin bu baxımdan unikal bir platforma olduğunu bildirib və onun yaradılmasına görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə ediblər.

İnteraktiv və səmərəli fikir mübadiləsinin aparıldığı paneldə düşərgə iştirakçısı olan xaricilərin Azərbaycan dilində danışmaları, qonaqları bəstəkar mahnıları ilə salamlamaları böyük coşqu yaradıb.

Xatırladaq ki, Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilib. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edib. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən artıq gənc qatılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031