Azərbaycan Prezidenti yeni tarixi səhifəyə imza atdı - ŞƏRH
Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Hazırda dünyanın aparıcı mediaları bu tarixi görüşün yekunlarını şərh edir, bunu sülh istiqamətində atılan qətiyyətli addım kimi dəyərləndirirlər. Bu görüşün yekununda sülh sazişi paraflanmaqla bu istiqamətdə mühüm əhəmiyyətli qərar qəbul olundu. ABŞ görüşündə həm xalqımızın, həm də dünya ictimaiyyətinin gözlədiyi tarixi hadisə baş verdi. Görüşün yekunundan sonra möhtərəm Prezidentimizin bir müdrik fikrini xatırladım: “Bu günə qədər elə bir təşəbbüsümüz olmayıb ki, o reallığa çevrilməsin. Nəyi demişiksə, onu da etmişik. Bir dənə də yerinə yetirilməmiş vəd yoxdur!”. Artıq sülh müqaviləsinin imzalanması labüddür. Ermənistanın məğlubiyyətindən keçən 5 il ərzində Azərbaycan bütün vasitələrlə məğlub ölkəni sülh müqaviləsini imzalamağa dəvət etdi. Lakin Ermənistan havadarlarının yalan vədlərinə aldanaraq yenə də təxribatlar törətməyə cəhd edirdi. ABŞ görüşü bir daha təsdiqlədi ki, Ermənistanın yeganə çıxış yolu Azərbaycanın təkliflərini qəbul etməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, dövlətimizin başçısının Prezident Donald Trampın dəvəti ilə ABŞ-da işgüzar səfərdə olması, təbii ki, Azərbaycan-Amerika münasibətləri üçün çox önəmli bir məsələdir. Hazırda iki ölkə arasında münasibətlərdə yeni səhifə açılır: əməkdaşlıq və strateji tərəfdaşlıq səhifəsi. Ölkəmizin milli maraqlarının qorunması üçün ABŞ ilə münasibətlərin bu səviyyədə qurulması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin ABŞ-a səfəri, digər sahələrlə yanaşı, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi kontekstində əhəmiyyətli nəticələrlə əlamətdar olub. Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin üçtərəfli görüşün nəticəsi tarixi hadisə kimi yaddaşlara həkk olunacaq. Yadda qalan hadisələrdən biri Azərbaycan və Ermənistan liderləri, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamənin imzalanmasıdır. Bu sənədin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.
Birgə Bəyannamənin xüsusi əhəmiyyətindən söhbət açan Ç.Qənizadə deyib ki, bu sənədin diqqət çəkən məqamlarından biri də iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bəndin olmasıdır. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb. Tanınmış hüquqşünas ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin yeni pilləyə qalxdığını və artıq iki ölkə arasında strateji tərəfdaşlığın başladığını vurğulayıb. Strateji tərəfdaşlıq formatı bir çox sahəni əhatə edir - qarşılıqlı investisiya, ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi, terrorçuluğa qarşı mübarizə və digər sahələr də buraya daxildir.
Ç.Qənizadə diqqəti dövlət başçımızın Ağ Evdə mətbuata bəyanatla çıxışına və Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədən bəzi məqamlara yönəldərək deyib ki, Prezident həmin gün yeni tarixi səhifəyə imza atıldığını diqqətə çatdırdı və ABŞ-da imzalanan sənədləri Azərbaycan üçün tarixi nailiyyət adlandırdı. O qeyd etdi ki, Azərbaycan bu istiqamətdə inkişaf edəcək, ölkənin iqtisadiyyatı şaxələndiriləcək və bu da işsizliyi daha da azaldacaq, eyni zamanda, gələcəyə böyük nikbinliklə baxacağıq. Dövlətimizin başçısı, həmçinin 1992-ci ildə - Azərbaycan cəmi bir il əvvəl öz müstəqilliyini bərpa edəndən sonra - ölkəmizə tətbiq olunan məhdudiyyətin 33 ildən sonra ləğv edildiyini də diqqətə çatdırdı. Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalanmasıdır.
Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması Prezident Donald Trampın həm Azərbaycana, həm də onun liderinə olan hörmətin göstəricisidir.
Hüquq müdafiəçisi bu görüşdə yadda qalan mühüm hadisələrdən birinin də 1992-ci ildən başlayan Minsk prosesinə son qoyulmasının olduğunu bildirib. ATƏT-in Minsk qrupu artıq 30 il idi ki, fəaliyyət göstərirdi. Bu illər ərzində bu qurumun əsas fəaliyyəti yalnız işğalçı ölkəni dəstəkləmək olub. Hazırda bu qurum tarixin arxivinə atılıb. ABŞ Prezidenti Donald Trampın sayəsində artıq Cənubi Qafqazda sülh bərqərar olundu. Məhz bu tarixi hadisəyə görə Azərbaycan Prezidenti təklif etdi ki, Nobel sülh mükafatının sülh komitəsinə Nobel Sülh Mükafatına ən layiqli namizədin Donald Trampın olması barədə müraciət ünvanlansın.
Ç.Qənizadə ABŞ və Azərbaycan prezidentləri arasında keçirilən bu görüşün ilk görüş olduğunu vurğuladı. Buna baxmayaraq, çox xoş və nəticəyönümlü keçdi. Eyni zamanda, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və iki ölkə arasında artıq strateji tərəfdaşlıq başlayır. Azərbaycan üçün bu, tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstində dünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur.
“Azərbaycan Prezidentinin ABŞ-a səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir”, – deyə hüquq müdafiəçisi bildirib.