azturkxeber.az
http://azturkxeber.az

Prezident İlham Əliyevin Tarixi Qələbəsi və Diplomatik Zəfəri

09-08-2025

Biz xoşbəxt nəslin nümayəndələriyik ki, güclü və qüdrətli dövlətdə yaşayırıq və bizim İlham Əliyev kimi qətiyyətli, güclü liderimiz var.

Azərbaycan heç vaxt indiki qədər güclü, beynəlxalq aləmdə söz və nüfuz sahibi olmamışdır. Ulu öndər Heydər Əliyevin prinsip və ideyalarını rəhbər tutub inkişaf etdirən Prezident cənab İlham Əliyev Azərbaycan dövlətini və xalqını zirvələrə ucaltdı. Prezidentimiz müharibədə qalib olduğu kimi avqustun 8-də ABŞ-da diplomatiyada da, siyasət meydanında da böyük Zəfərə imza atdı.

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü zamanı ona xüsusi hədiyyə verməsi və iki dövlət arasında imzalanmış sənədlər sübut edir ki, ABŞ Prezidenti Azərbaycan dövlətinə və onun liderinə xüsusi hörmət bəsləyir. Azərbaycana qarşı haqsız olaraq 33 il davam edən 907 saylı düzəlişin ləğvi, ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair İşçi Qrupunun yaradılması barədə imzalanmış sənəd İlham Əliyevin daha bir diplomatik qələbəsidir.

Dünən bütün dünyanın gözü ABŞ-a dikilmişdir. ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında keçirilən görüşü və imzalanacaq sənədləri hər kəs səbirsizliklə gözləyirdi. Avqustun 8-də cənab İlham Əliyev Azərbaycan dövlətinin və xalqının naminə daha bir tarixi missiyanı yerinə yetirdi. Vaşinqtonda baş vermiş bu tarixi hadisə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin paraflanmasıdır. Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən sülh müqaviləsinin paraflanması Saziş mətninin tərəflər arasında razılığını təsdiq edir. Bu o deməkdir ki, yekun sülh sazişinin imzalanmasına qədər Ermənistan Azərbaycana qarşı torpaq iddiası ilə bağlı Konstitusiyasında dəyişiklik etməlidir.

Prezident cənab İlham Əliyev, Prezident Donald Tramp və Baş Nazir Paşinyan Birgə Bəyannamə imzaladılar. Bəyannamədə ATƏT-in Minsk Qrupunun ləğv edilməsi, eləcə də Zəngəzur ( Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu) kimi məsələlər yer alıb və Zəngəzur dəhlizinin açılması ilə Azərbaycandan Naxçıvana maneəsiz şəkildə gediş-gəliş təmin olunacaq. Prezident cənab İlham Əliyevin sülh sazişinin imzalanması üçün əvvəlcədən irəli sürdüyü bütün tələblər Amerikada öz təsdiqini tapdı.

Bütün dünya bir daha əmin oldu ki, Azərbaycan regionda aparıcı lokomativ dövlət, sülhün təminatçısıdır. İndi Bakı Cənubi Qafqazın paytaxtı, tarixlə gələcəyi birləşdirən şəhərdir. Yaxın zamanda qatarlarla, avtomobillərlə Naxçıvana gedəcəyik, bu yolda qədim Zəngəzurumuz bizi qarşılayacaq.

Amerikada qazandığımız misilsiz qələbə münasibətilə bütün dünya azərbaycanlılarını, xüsusilə Prezident cənab İlham Əliyevi təbrik edirəm. Hər kəsin gözü aydın olsun!. Prezidentimizin illərdi çəkdiyi əziyyət, zəhmət öz bəhrəsini verdi. İlham Əliyev xalqın əbədi qəhrəmanına çevrildi və xalqımızın, dövlətimizin qələbəsinin memarı oldu. Bəli, biz xoşbəxtik, çünki Azərbaycanın İlham Əliyev kimi lideri və Vətəni uğrunda sona qədər döyüşən Sərkərdəsi var. Biz həm də qürurluyuq, çünki İlham Əliyev kimi güclü, sözü imzası qədər dəyərli olan, xalqı üçün canından keçməyə hazır olan lideri var. Bu gün Ulu öndər Heydər Əliyevin ruhu bir daha şaddır.

Təşəkkürlər, cənab Prezident, xalqımız, dövlətimiz və gələcəyimiz üçün bu misilsiz xidmətlərinizə görə.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031