BDYPİ avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə və əhaliyə müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə və əhaliyə müraciət ünvanlayıb.
Bu barədə BDYPİ-dən məlumat verilib.
Bildirilib ki, yay fəsli ilə əlaqədar paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində artım müşahidə edilir. Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir. “BDYPİ bir daha sərnişindaşıma fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşrutlar üzrə avtobuslara iki sürücü təhkim etməyi, reysqabağı sürücülərin tibbi müayinədən keçməsinə, nəqliyyat vasitələrinin isə texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunmasını tövsiyə edir. Sərnişinlər də öz təhlükəsizliklərinə biganə qalmamalı, qanunsuz sərnişindaşımada iştirakçıya çevrilməməlidirlər. Nəzərə almaq lazımdır ki, qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir. Eyni zamanda, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onlar da reysqabağı tibbi müayinəsi aparılmır. Dəyərli sərnişinlər, səfərlərinizi təsadüfi şəxslərə etibar etməyin. Bu mənzil başına sağ-salamat çatmanızın öncədən sığortalanması deməkdir”, - deyə müraciətdə vurğulanır.