azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yayıb

06-08-2025

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasına dair açıqlama yayıb

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası qonşu dövlətlərdən birinin ərazisindən ölkəmiz əleyhinə aparılan qeyri-dost fəaliyyətlərin sosial media və sosial şəbəkə platforması olan “Facebook” vasitəsilə hələ də davam etdiyini bildirir.

Komissiyadan verilən məlumata görə, bir sıra səhifələr (“Echo of Baku”, “Azeri Horizon”, “Xəbər24”, “Merry you”, “Azerbaijan Pulse”, “Az insight” və s.) vasitəsilə adıçəkilən platforma üzərindən Azərbaycan Respublikasının informasiya məkanına hədəfli müdaxilə cəhdləri edilərək ölkəmizdə ictimai fikri çaşdırmağa, dövlətin apardığı uğurlu daxili və xarici siyasətə kölgə salmağa çalışılır.

Geosiyasi manipulyasiya xarakterli məlumatlar Azərbaycan dilində “Facebook”da paylaşıldıqdan sonra istifadəçilərdən “Telegra.ph” kimi platformalara keçid etməkləri istənilir ki, bu da öz növbəsində bir sıra istifadəçi məlumatlarının (IP ünvan, istifadə olunan cihaz və s.) ələ keçirilməsinə səbəb ola bilər.

Vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, bu cür informasiya əməliyyatlarına qarşı müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə daim lazımi tədbirlər görülür. Eyni zamanda, qeyd etməliyik ki, “Meta” şirkətinə edilən müraciətlər nəticəsində Azərbaycana qarşı fəaliyyət göstərən həmin səhifələrin bağlanmasına nail olunmuşdur.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya vətəndaşlarımızı diqqətli olmağa, bu cür məlumatlara inanmamağa çağırır, ölkəmizə qarşı istifadə edilən hibrid təhdid metodları və alətləri ilə bağlı müntəzəm olaraq ictimaiyyəti məlumatlandırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031