azturkxeber.az
http://azturkxeber.az

Amerika görüşündə tarixi an: İlham Əliyev Nobel mükafatı ala bilər

06-08-2025

8 avqust tarixində Ağ Evdə ABŞ-ın keçmiş prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında növbəti sülh danışıqları raundunun keçirilməsi planlaşdırılır. Bu görüş, bir növ, iyul ayında Əbu-Dabidə keçirilən, lakin konkret nəticə ilə yadda qalmayan öncədən razılaşdırılmış görüşün davamı olacaq.

Azturkxeber.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli öz "Facebook" hesabında paylaşım edib.

Onun sözlərinə görə, Əbu-Dabi müzakirələrində tərəflər sülh danışıqlarına sadiq olduqlarını nümayiş etdirsələr də, sonrakı dövrdə iki mühüm hadisə prosesin gedişatına təsir göstərdi:

1. ABŞ-ın Zəngəzur dəhlizi ilə bağlı 99 illik idarəetmə təklifi.

2. Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri.

Bu iki hadisə Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlandığını göstərir. Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq irəli sürdüyü tələblər və Zəngəzur dəhlizinə dair mövqeyi, Rusiya-ABŞ rəqabətinin fonunda strateji əhəmiyyət kəsb edir. Son bir ayda Rusiyanın Gümrüdəki hərbi bazasına əlavə qüvvələr və texnika cəlb etməsi də regionda potensial qarşıdurma ehtimalının artdığını göstərir.

Zəngəzurda kimin söz haqqı olacaq?

Əsas sual budur: Zəngəzur dəhlizinə kimin nəzarət edəcəyi ilə bağlı qərarı hansı güc müəyyən edəcək?

— Regionda hərbi-siyasi nüfuza malik olan Rusiya?

— Yoxsa siyasi-iqtisadi gücə sahib ABŞ?

— Bəlkə də bu rəqabətin içində ABŞ daxilindəki erməni diaspor təşkilatları və bəzi senatorlar həlledici rol oynayacaq?

Bu fonda Ermənistan hökumətinin, xüsusilə də Paşinyanın mövqeyi ziddiyyətlidir. Rəsmi Yerevan ABŞ-ın Zəngəzur planını “suverenlik əleyhinə” arqumenti ilə rədd etsə də, bu addımın əsas motivasiyası daha çox Moskvaya loyal görünmək cəhdi kimi qiymətləndirilir. Nəzərə alsaq ki, Azərbaycan 2025-ci ili “Suverenlik İli” elan edib, Ermənistanın ikili mövqeyi prosesin perspektivlərinə mənfi təsir göstərir.

Vaşinqton görüşündən gözləntilər

Amerikada keçiriləcək görüşdən birbaşa sülh müqaviləsinin imzalanması gözlənilmir. Lakin prosesin davamlılığını təmin edəcək çərçivə sazişi gündəmdədir. Bu saziş aşağıdakı elementləri əhatə edə bilər:

Zəngəzur dəhlizinə dair razılaşmanın əldə olunması;

Ermənistan Konstitusiyasında bəzi düzəlişlər;

Sülh danışıqları üçün konkret və qarşılıqlı öhdəliklərin müəyyənləşdirilməsi.

Bu razılaşmaların Azərbaycan üçün həm regional, həm də daxili siyasi, iqtisadi və təhlükəsizlik baxımından əhəmiyyəti olduqca böyükdür.

Nobel mükafatı müzakirələri: Tramp, yoxsa Əliyev?

Son illərdə ABŞ-da Donald Trampın “sülh təşəbbüskar lider” obrazı üzərində sistemli iş aparılır. Məhz onun prezidentliyi dövründə Azərbaycan-Ermənistan münaqişəsində müharibə baş verməmişdi. Bu da Trampın Nobel Sülh Mükafatı namizədliyi ilə bağlı müzakirələri gündəmə gətirir.

Lakin sülh prosesində əsas icraedici və hüquqi məsuliyyət daşıyan tərəf Azərbaycan Prezidentidir. Beləliklə, sülh müqaviləsinin müəllifi və imzalayıcısı qismində İlham Əliyevin Nobel Sülh Mükafatına namizədliyi də reallığa çevrilə bilər.

Əgər 8 avqustda çərçivə sazişi imzalanarsa, bu, Trampın diplomatik təşəbbüsünə verilən qiymət kimi qiymətləndirilə bilər. Əgər yekun sülh müqaviləsi imzalanarsa, onun müəllifi və hüquqi-siyasi təminatçısı olan Prezident İlham Əliyev Nobel Sülh Mükafatı üçün ciddi namizədlərdən biri ola bilər deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031