Uşaqlar üçün təhlükəsiz məkan yaradaq: nələrə diqqət edək?
Cinsi istismara hər bir uşaq məruz qala bilər — həm qızlar, həm də oğlanlar. İstismar edən şəxs isə çox zaman uşağın tanıdığı şəxs olur: ailə üzvü, dost, qonşu və ya digər. Uşaqlar və yeniyetmələr adətən cinsi istismarı üzə çıxarmaqdan və ifşa etməkdən çəkinirlər. Buna görə də, valideynlər, müəllimlər, həkimlər və onların həyatında olan digər şəxslərin mümkün əlamətləri duymaları həyati əhəmiyyət daşıyır.
Kimlər daha yüksək risk altındadır?
* Əlilliyi olan və özünü ifadə edə bilməyən uşaqlar
*Təcrid olunmuş və ya valideyn nəzarətindən kənarda qalan uşaqlar
* Ailəsi tərəfindən laqeydlik görən uşaqlar.
Uşaqlar onlayn mühitdə də istismara məruz qala bilərlər – bu şəxs həm tanış, həm də yad adam ola bilər.
Ən önəmlisi unutmamalıyıq ki, uşaq heç bir halda günahkar deyil. Valideynlər uşaqların təhlükəsizliyi üçün çalışmalı, onları daim dinləməli və onlara inanmalıdırlar.
Aşağıda, uşaqları qorumaq üçün tətbiq edə biləcəyiniz ehtiyat tədbirləri sadalanıb.
Uşağınız təhlükə altındadırsa, tərəddüd etmədən müvafiq qurumlara müraciət edin.
Əgər vəziyyətdən əmin deyilsinizsə, lakin uşağın zərər gördüyündən şübhələnirsinizsə, vəziyyəti dəyərləndirmək və istismarı dayandırmaq üçün mütəxəssilərə müraciət edə bilərsiniz.
Uşağın həyatında fəal olun
Uşağın gündəlik həyatında aktiv olmaq, istismarın əlamətlərini daha tez duymağa və uşağın sizə rahatlıqla müraciət etməsinə şərait yaradar. Şübhələndiyiniz anda müdaxilə etmək üçün fürsətiniz olar.
· Onların gündəlik həyatı ilə maraqlanın.
Gün ərzində nə etdiklərini, kimlə vaxt keçirdiklərini soruşun. Naharda kiminlə oturdular? Məktəbdən sonra hansı oyunları oynadılar? Əyləndilərmi?
· Uşağınızın ətrafındakı insanları tanıyın.
Uşağınız kimlərlə vaxt keçirir — həm digər uşaqları, həm də böyükləri tanıyın. Onlarla, dostlarının valideynləri ilə, məşqçi və ya müəllimlər ilə danışın. Bu barədə açıq söhbətlər aparın ki, uşaq da sizə açıq danışmağı vərdiş etsin.
· Baxıcı və tərbiyəçiləri diqqətlə seçin.
Uşaq üçün baxıcı, məktəb və ya dərsdənkənar fəaliyyət seçərkən diqqətli olun. İzləmə və araşdırma aparmaq vacibdir.
· Media barədə danışın.
Cinsi zorakılıq mövzuları tez-tez xəbərlərdə və seriallarda əks olunur. Uşağınızla bu barədə söhbət edin. “Bu haqda əvvəllər eşitmisən?”, “Əgər bu vəziyyətdə olsaydın, nə edərdin?” kimi suallarla mövzuya giriş edə bilərsiniz. Bu, uşağa bu məsələlərin danışmağa dəyər olduğunu göstərəcək.
Cinsi istismarın əlamətləri ilə tanış olun və uşağınızdakı, ən kiçik dəyişikliyi belə müşahidə edin.
· Əlamətlərə diqqət yetirin.
Uşaqları danışmağa təşviq edin
Uşaq səsinin eşidiləcəyini və dediklərinin ciddi qəbul ediləcəyini biləndə, çətinlikləri, problemləri haqqında daha cəsarətlə danışır. Uşaqlarınızla hər mövzuda söhbət edin, onunla səmimi və yaxın olun. Belə söhbətlərə uşaqlarınız hiss və emosiyaları barədə danışdığı andan başlaya bilərsiniz. Əgər hələ danışmamısınızsa – narahat olmayın, heç vaxt gec deyil.
· Sərhədləri öyrədin.
Uşağa izah edin ki, heç kim – nənə-baba və ya valideyn də daxil olmaqla – istəmədiyi şəkildə ona toxunmamalıdır. Bədənlərinin yalnız özlərinə aid olduğunu başa salın. Eyni zamanda, uşağa başqasına da icazəsiz toxunmamaq lazım olduğunu izah edin.
· Bədən üzvləri barədə danışmağı öyrədin.
Kiçik yaşlardan etibarən uşağa bədən üzvlərinin adlarını öyrədin. Bu terminləri bilməsi, nəsə baş verəndə sizə daha rahat şəkildə izah etməsinə kömək edir.
· Əlçatan olun.
Uşağınıza tam diqqət ayıracağınız vaxtlar müəyyən edin. Onlara bildirin ki, istədikləri zaman sizə sual verə və ya onları narahat edən bir mövzu barədə danışa bilərlər. Danışdıqları zaman bu vədi unutmayın və həmişə vaxt ayırın.
· Onlara cəza verilməyəcəyini izah edin.
Cinsi istismar edənlər çox zaman uşaqları susdurmaq üçün onları qorxudur və ya cəza ilə hədələyirlər. Uşağınıza tez-tez xatırladın ki, sizə danışdığı heç bir şeyə görə cəzalandırılmayacaq. Danışanda bu sözünüzü yerinə yetirin və cəsarətini dəstəkləyin.
· Yeni mövzuları açmağa şərait yaradın.
“Əyləndinmi?”, “Yaxşı keçdi?” kimi qapalı suallar bəzən yetərli olmur. Uşağa öz düşüncələrini rahatlıqla paylaşmaq üçün “Başqa danışmaq istədiyin bir şey var?” kimi açıq suallar verin.