Avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günüdür
Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən, hər il avqustun 5-i Azərbaycanda Hərbi Donanma Günü kimi qeyd edilir.
1918-ci ildə yaradılan Azərbaycanın ilk hərbi dəniz donanmasının tərkibində “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisi olub. Azərbaycan Demokratik Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı donanması adlandırılıb və 1920-ci ilin yayında bu donanma Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilib.
1992-ci ildə keçmiş SSRİ-nin Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsi Azərbaycana verilib və o vaxtdan ölkəmizin milli hərbi dəniz qüvvələrinin yeni tarixi başlayıb.
Bu sahənin inkişafında, xüsusilə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub.Ümummilli Liderin müdrik rəhbərliyi sayəsində ölkəmizdə ordu quruculuğu istiqamətində, o cümlədən bu sahədə mühüm işlər həyata keçirilib.
4 noyabr 1997-ci il tarixli "Azərbaycan Respublikasının Hərbi Dəniz bayraqları haqqında" Qanuna əsasən, “Hərbi və köməkçi gəmilərdə qaldırılan bayraqlar haqqında Əsasnamə” qəbul edilib və 2000-ci il avqustun 7-dən Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin bütün gəmilərində qurumun bayrağı qaldırılıb.
Hazırda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, o cümlədən hərbi dəniz donanmasının daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilir.
Xəzər dənizində ən qüdrətli donanmalardan biri sayılan Azərbaycan Hərbi Dəniz Qüvvələrinin maddi-texniki bazası gündən-günə möhkəmlənir. Bu hərbi donanma ən müasir hərbi texnika ilə təchiz olunub, geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin tərkibində fəaliyyət göstərən, dənizdə, quruda, sahilyanı ərazilərdə, suyun altında xüsusi əməliyyat fəaliyyəti göstərmək bacarığına malik olan dəniz piyadaları - xüsusi təyinatlılar 44 günlük Vətən müharibəsində aktiv iştirak ediblər. Onlar keçirdikləri əməliyyatlarda xeyli sayda düşməni məhv edib, hərbi qənimət götürüblər. Dəniz xüsusi təyinatlıları bir neçə yaşayış məntəqəsində, o cümlədən Qubadlı şəhərində Azərbaycan Bayrağını ucaldıblar.