Azərbaycan qazı Türkiyə üzərindən Suriyaya çatdırılır
Bu gün Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya nəqlini təmin edəcək Türkiyə–Suriya təbii qaz boru kəmərinin rəsmi açılış mərasimi keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həmad Həssan Əl-Sulaiti və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir iştirak ediblər.
Rəsmi şəxslərin çıxışlarından sonra səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə ərazisi ilə Suriyaya ixracına rəsmi olaraq start verilib.
Layihə çərçivəsində təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya hökuməti arasında bu məqsədlə sənəd imzalanıb. İlkin mərhələdə Suriyaya illik 1,2 milyard kubmetr qaz ixrac olunacaq. Qaz Kilis vasitəsilə Hələb və Homs şəhərlərindəki elektrik stansiyalarına çatdırılacaq və enerji istehsalında istifadə ediləcək. Bu proses nəticəsində 1 200–1 300 meqavatlıq elektrik enerjisi istehsal gücü formalaşacağı gözlənilir.
Ekspertlər hesab edirlər ki, yeni enerji xəttinin istifadəyə verilməsi Suriyanın müharibədən zərər görmüş enerji infrastrukturunun bərpasında mühüm rol oynayacaq. Eyni zamanda bu layihə Türkiyənin regional enerji habı kimi mövqeyini daha da gücləndirəcək.
Qeyd edək ki, cari il iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri zamanı SOCAR ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir imza atıblar.