Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilk dəfə deyil ki, müvafiq tapşırıq əsasında anti-Azərbaycan kampaniyasına qoşulur.
Bunu Rusiya Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Ayvazovskinin büstünün sökülməsi məsələsinə dair açıqlaması və TASS informasiya agentliyi tərəfindən Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə yerli mətbuatın suallarına cavabında deyib.
A.Hacızadə qeyd edib ki, “erməniəsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub.
Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur.
Cənab Şvıdkoyun guya Azərbaycanda Rusiya mədəniyyətinin “ləğv edilməsi” iddiaları növbəti yalandır. Baxmayaraq ki, bu sahədə iki ölkə arasında ciddi disparitet mövcuddur, Rusiya mədəniyyətini Azərbaycanda heç kim ləğv etməyib. Belə ki, Azərbaycanda rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər olduğu halda, Rusiyada Azərbaycan dilində teatr, məktəblər, qəzet və jurnallar mövcud deyil. Bu disparitetə baxmayaraq, biz Rusiyada Azərbaycan mədəniyyətinin “ləğv edilməsi” iddiası ilə çıxış etmirik. Amma Rusiyanın yüksəkvəzifəli rəsmiləri bilməlidir ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edərsə, Azərbaycanla Rusiya arasında qeyd edilən disparitetə düzəlişlər edilməsi istisna olunmur.
Cənab Şvıdkoyun bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərinin abidələrinə qarşı vandallıqlar, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməməsi təəssüf doğurur.
Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-da Azərbaycanın Xankəndi şəhərinin “Stepanakert” adlandırılması ölkəmizin ərazi bütövlüyünə hörmətsizlik və təhqiramiz addım kimi qiymətləndirilir.
Bu qeyri-dost addımla bağlı Rusiya tərəfinə xatırlatmaq istərdik ki, hələ 1923-cü ildə Azərbaycanın əzəli torpaqlarında yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətində Xankəndi şəhərinin adının qanunsuz olaraq dəyişdirilərək Azərbaycan xalqına qarşı daşnak ermənilərlə birgə qırğınlar törətmiş bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılması Azərbaycana qarşı həqarət idi.
Rusiya tərəfinə bildirmək istərdik ki, onun rəsmi orqanları tərəfindən Azərbaycan toponimlərinin təhrif olunması və ərazilərimizin keçmiş separatçı qondarma rejim tərəfindən istifadə olunan adlarla qeyd olunması hallarına son qoyulmasını gözləyirik. Bu kimi hallar təkrarlanarsa, qarşılılıq prinsipindən irəli gələrək Azərbaycan tərəfi də Rusiya ərazisində bir çox yaşayış yerini öz əzəli adları ilə qeyd edə bilər.
TASS informasiya agentliyindən bu məsələdə üzrxahlıq və müvafiq düzəliş edilməsini gözləyirik. Əks təqdirdə, qanunvericiliyə uyğun olaraq, TASS-ın Azərbaycanda fəaliyyətinə qarşı müvafiq tədbirlər görülməsi nəzərdə tutulur”.