azturkxeber.az
http://azturkxeber.az

Myanmada 2021-ci ildə elan edilmiş fövqəladə vəziyyət ləğv edilib

01-08-2025

IMG

Myanmadakı hərbi xunta iyulun 31-də fövqəladə vəziyyət rejimini ləğv edərək dekabrda keçiriləcək seçkilərlə bağlı planlarını sürətləndirib.

2021-ci ilin fevralında hərbçilər Aunq San Su Kyinin mülki hökumətini devirdikdən sonra fövqəladə vəziyyət elan etmiş və nəticədə ölkədə başlayan vətəndaş müharibəsi minlərlə insanın həyatına son qoymuşdu. Bu qərar xunta lideri Min Aunq Hlaingə qanunvericilik, icra və məhkəmə hakimiyyəti üzərində tam səlahiyyət vermişdi. Lakin o, son zamanlarda münaqişəyə son qoymaq üçün seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb.

Çin Xarici İşlər Nazirliyi xuntanın fövqəladə vəziyyəti ləğv etmək qərarını alqışlayaraq, Myanmada sülhün bərqərar olunmasında rol oynamağa hazır olduqlarını açıqlayıb. Nazirlik ölkədəki bütün siyasi partiya və qrupların dialoq yolu ilə fikir ayrılıqlarını həll etməyə çalışmasını təqdir edib. Çin həmçinin gərginliyin azaldılması və ölkənin sabitliyinin təmin olunması üçün dinc danışıqları dəstəkləyəcəyini bildirib.

Hərbi çevriliş nəticəsində vəzifədən kənarlaşdırılan keçmiş parlament üzvləri və müxalifət liderləri isə BMT ekspertinin keçən ay “hərbi hakimiyyəti qanuniləşdirmək üçün təşkil edilmiş saxtakarlıq” kimi qiymətləndirdiyi seçkiləri boykot edəcəklərini açıqlayıblar.

Hərbi xuntanın sözçüsü Zav Min Tun jurnalistlərə bildirib ki, ölkədə çoxpartiyalı demokratiya yolunda seçkilər keçirilməsi üçün fövqəladə vəziyyət ləğv olunub və seçkilər altı ay ərzində keçiriləcək.

Ekspertlər Min Aunq Hlaingin seçkilərdən sonra ya prezident, ya da silahlı qüvvələrin komandanı kimi səlahiyyətlərini daha da gücləndirəcəyini proqnozlaşdırır.

Eyni zamanda, müdafiə və seçki prosesinə nəzarəti təmin etmək məqsədilə “Milli Təhlükəsizlik və Sülh Komissiyası” ilə birlikdə yeni “Birlik Hökuməti”nin yaradılması təklif olunur. Həm hökumətə, həm də komissiyaya Min Aunq Hlaing rəhbərlik edəcək və sərəncamlarına əsasən müvəqqəti prezident kimi fəaliyyət göstərəcək.

Myanmarın dövlət qəzetində iyulun 31-də dərc olunan məlumatda Min Aunq Hlaingin “Biz artıq birinci mərhələni keçdik” ifadələrinə yer verilib. Bu çıxış hərbi şura üzvləri üçün keçirilən “şərəf mərasimində” səsləndirilib. O, həmçinin “İndi ikinci mərhələyə keçid alırıq” deyib.

Qəzet onun çıxışından sitat gətirib: “Gələn seçki bu ilin dekabrında keçiriləcək və bütün seçicilərin səs verməsi üçün lazımi hazırlıqlar aparılır.”Hərbçilər seçkinin dəqiq tarixini açıqlamasa da, siyasi partiyaların qeydiyyatı davam edir və elektron səsvermə maşınları ilə bağlı təlimlər artıq keçirilir.Seçkilərə hazırlıq çərçivəsində hərbçilər könüllü şəkildə silahı yerə qoyub “hüquqi çərçivəyə qayıdan” şəxslərə pul mükafatı təqdim etməyə başlayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031