Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib
Milli Kitabxanada Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qonaqları salamlayıb. Dərin tarixi kökləri olan ana dilimizin dövlət səviyyəsində qeyd olunduğu bu əlamətdar gün münasibətilə hər kəsi təbrik edib. Azərbaycan əlifbası və Azərbaycan dili gününün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edildiyini bildirib. Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək zirvəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən ətraflı bəhs edib. Bu ənənənin Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirildiyini, dövlət başçısı kimi imzaladığı ilk sənədlərdən birinin 2004- cü ildə Azərbaycan və dünya klassiklərinin ən məşhur əsərlərinin Azərbaycan dilində latın qrafikalı əlifba ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqındakı sərəncam olduğunu bildirib. Cənab Prezident İlham Əliyevin Azərbaycan dilinin tətbiqinə və təbliği işinin həyata keçirlməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması istiqamətində yeni fərman imzaladığını əlavə edib. Bu istiqamətdə son 2 ildə Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilatçılığı ilə dünyanın 6 ölkəsində “Azərbaycan ədəbiyyatı guşəsi” açıldığını vurğulayıb.
Tədbir çərçivəsində şəhid Məhərrəm Əlioğlu İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün ədəbiyyət nəğməsi” adlı kitabın təqdimat mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Direktor bu əlamətdar gündə şəhid-jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş “Jurnalist ömrünün ədəbiyyət nəğməsi” adlı kitabın təqdimatının önəmli olduğunu vurğuluyaraq bildirib ki, bu cür kitabları ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərmizin xatirəsinin əbədi yaşadılmasında, gələcək nəsillərə xalqın igid övladlarının qəhramanlığının çatdırılmasında və təbliğində mühüm rol oynayır. Milli Kitabxananın saytı vastəsilə kitabın 3 dildə bütün dünyada çatdılılacağını və təbliğ olunacağını qeyd edib.
Milli Məclisin deputatı, diplomat Rizvan Nəbiyev çıxışında 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının həm beynəlxalq diplomatik müstəvidə, həm də səngərdə mübarizə apardığını söyləyib. Diplomatik müstəvidə aparılan mübarizədə öndə kütləvi informasiya vastələrinin iştirak etdiyini və bunun çox böyük önəm kəsb etdiyini vurğulayıb. Bu istiqamətdə AZƏRTAC-ın müxbiri Məhərrəm Əlioğlu və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun xidmətlərindən ətraflı bəhs edib. Hər iki şəhidin mina terorunun qurbanı olduğunu vurğulayıb. Bu gün şəhidlərimizin qanının yerdə qalmadığını, qalib ölkənin qalib vətəndaşları olduğumuzu deyib. Bu işin təşəbüskarlarına minnətdarlığını çatdırıb.
Tədbirdə çıxış edən kitabın müəllifi, şəhid-jurnalistin qardaşı Əsgər İbrahimov şəhidin ömür yolundan, qəhrəmanlığından bəhs edərək Milli Kitabxananın rəhbərliyinə və kitabın ərsəyə gəlməsində dəstəyi və əməyi olan hər kəsə təşəkkür edib. Bu kompaniyanın davam etdiriləcəyini və kitabın Milli Kitabxana vastəsilə bütün kitabxalarara çatdırılacağını vurğulayıb.
Tədbirdə çıxış edən kitabın rəyçisi texnika elmləri üzrə fəlsəfə doktoru Hümbət Hüseynov, Real televiziyasının əməkdaşı Kamran Qasımov, əməkdar jurnalist Tahir Aydınoğlu, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Məmmədova və başqaları Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə hər kəsi təbrik edərək bu əlamətdar günün önəmindən Ulu Öndər Heydər Əliyevin Azərbaycan diliniə diqqət və qayğısından danışıblar. Belə bir gündə şəhid Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatının gözəl bir təşəbbüs olduğunu vurğulayıblar. 44 günlük Vətən müharibəsi zamanı ən qaynar nöqtələrdən xəbərlər, reportajlar hazırlayan Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi fəaliyyətindən bəhs ediblər. Bu işdə dəstəyi olan hər kəsə Real televiziyasına, Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təşəkkürü bildiriblər.
Sonda tədbir iştirakçıları bu əlamətdar gün münasibətilə təşkil edilmiş “1 avqust- Azərbaycan əlifbası və Azərbaycan dili günü” adlı kitab sərgisi ilə yaxından tanış olublar.
Kitab sərgisində Azərbaycan dilinin tarixindən, inkişaf mərhələlərindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən Azərbaycan və digər dillərdə ədəbiyyatlar nümayiş olunur.