azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan əlifbası və dili: keçmişdən bu günə uzanan inkişaf yolu

01-08-2025

Azərbaycan xalqının tarix boyunca formalaşdırdığı ən qiymətli milli dəyərlərdən biri onun ana dili və əlifbasıdır. Hər bir xalqın varlığı və davamlılığı onun dilində yaşamaqla mümkündür. Azərbaycan dili və əlifbası da əsrlərdən bəri həm milli kimliyimizi, həm də tarixi yaddaşımızı özündə yaşadan, nəsildən-nəslə ötürülən mühüm irsdir.

Azərbaycan dili əsrlər boyu xalqın ədəbi və danışıq dili olaraq formalaşmış, zəngin ədəbi irs, klassik poeziya və tarixi sənədlərlə bərkiyərək bugünkü səviyyəyə çatmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən, Azərbaycan dili dövlətin rəsmi dili kimi təsbit olunmuş və onun inkişafı dövlətin başlıca vəzifələrindən biri kimi müəyyən edilmişdir.

Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən ardıcıl dil siyasəti nəticəsində dilimizin hüquqi statusu möhkəmləndirilmiş, tədris sistemi bu istiqamətdə yenidən qurulmuş və terminologiya sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunmuşdur.

Beləliklə, dövlətimiz tərəfindən Azərbaycan dilinin inkişafı və qorunması sahəsində mühüm işlər görüldü. 2001-ci ildə Ulu Öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu Fərman dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılmasında xüsusi rol oynadı.

Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Azərbaycan əlifbası və ana dili gününün təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildən başladığı milli dil siyasətinin, 1993-cü ildən etibarən həyata keçirdiyi milli dövlətçilik siyasətinin davamı və qanunauyğun nəticəsi idi.

Dahi şəxsiyyət Heydər Əliyev gənc nəslin ana dilini düzgün, hərtərəfli və elmi əsaslar zəminində mənimsəməsini tövsiyə etdi: “Öz dilini sevməyən adam öz tarixini bilə bilməz. Ana dilini bilməyən gənc Nizamini oxuya bilməz. Füzulini oxuya bilməz. Cəlil Məmmədquluzadəni oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək, bizim mədəniyyətimizi bilməyəcək. Onları bilməsə, o, vətənpərvər olmayacaq, onda vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaq”.

Ulu Öndərin həyata keçirdiyi dövlət dil siyasəti bu gün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının bu sahədə imzaladığı fərman və sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, eyni zamanda milli kimliyimizi də gücləndirən əhəmiyyətli amildir.

Sevindirici haldır ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə başçısıdır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutdu.

Bu gün iftixar hissi ilə deyə bilərik ki, sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan əlifbası və Azərbaycan dili - bizim tariximiz, bu günümüz və gələcəyimizdir. Gənc nəsil arasında ana dilinə marağın artırılması, təhsildə Azərbaycan dili və ədəbiyyatının keyfiyyətli tədrisi, sosial şəbəkələrdə və mediada dilin düzgün istifadəsi milli mənlik şüurunun formalaşması üçün mühüm şərtdir. 1 Avqust – Azərbaycan əlifbası və dili günü, bu dəyərin təbliği, qorunması və inkişafı üçün bir fürsətdir.

Ümumiyyətlə, bu tarixi gün, eyni zamanda, dilimizin və əlifbamızın gələcək nəsillərə saf və zəngin şəkildə ötürülməsi üçün çağırışdır. Ana dilini qorumaq və inkişaf etdirmək milli və dövlətçilik borcumuzdur.

Siyavuş Novruzov, Milli Məclisin deputatı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031