Üzərlik (Peganum harmala) bitkisinin mənşəyi, kimyəvi tərkibi, hüquqi statusu və məsuliyyət doğuran halları ilə bağlı PROFİLAKTİK TÖVSİYƏ
Son dövrlərdə mediada bir sıra dövlətlərə üzərlik bitkisi aparan şəxslərin həmin ölkərin hüquq
mühafizə orqanları tərəfindən saxlanılması və bu halın onlar barəsində hüquqi tədbirlər
görülməsinə əsas olması ilə bağlı xəbərlərə rast gəlmək mümkündür. Xaricə səfərə gedən
vətəndaşların arzuolunmaz hallarla qarşılaşmaması üçün üzərlik bitkisinin xüsusiyyətləri, bəzi
ölkələrdə hüquqi məsuliyyət doğura biləcək məqamlar nəzərə alınaraq aşağıdakı məsələlərin
diqqətdə saxlanılması məqsədəmüvafiq hesab olunur.
Üzərlik (lat. Peganum harmala) – qədim zamanlardan bu günə qədər həm xalq təbabətində,
həm də mədəni-ritual təcrübələrdə geniş istifadə olunan, çoxəsrlik ənənəyə malik olan nadir
bitkilərdən biridir. Xalq təbabətində təbii müalicə vasitəsi kimi istifadə edilməsi ilə yanaşı, bəzi
mədəniyyətlərdə psixoloji və mənəvi qorunma vasitəsi kimi də tətbiq edilir.
Üzərlik bitkisi Orta Şərq, Orta Asiya və Anadolu mədəniyyətlərində daha çox istifadə olunur.
Əsasən yarımsəhra və quru iqlimli ərazilərdə – İran, Türkmənistan, Tacikistan, Azərbaycan
(Naxçıvan, Muğan, Abşeron və s.), Türkiyə, Əfqanıstan və Hindistan kimi ölkələrdə təbii halda
yetişir.
Üzərlik – bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin şorgiləkimilər fəsiləsinin üzərlik
cinsinə aid bitki növüdür. Çoxillik çılpaq ot bitkisidir, spesifik kəskin iylidir, hündürlüyü 25-70
sm-dir. Gövdəsi düz, yarpaqları növbəli, açılmış hissəciklərə bölünmüş ovalvari otlaq-alaq
bitkisidir. Toxumları, kökü və gövdəsi istifadə edilir. May-iyul aylarında çiçəkləyir, iyul-avqust
aylarında meyvə verir. Gilli və qumsal torpaqlarda, eyni dərəcədə yarımçöl, öndağlıq və 2800
metr dəniz səviyyəsi hündürlüyü olan dağlarda yayılıb.
Üzərlik bitkisi Azərbaycan təbiətində geniş yayılıb, xalq təbabətində əhəmiyyətli yer tutsa da,
onun tərkibindəki alkaloid maddələrin psixotrop potensialı bu bitkinin istifadəsinə ehtiyatlı
yanaşmağı tələb edir. Belə ki, bitkinin tərkibində olan və mərkəzi sinir sisteminə psixotrop təsir
göstərən “β-karbolin alkaloidləri” beyində serotonin, dopamin və norepinefrin kimi
neyromediatorların parçalanmasını ləngidərək psixoaktiv (zehni dəyişdirici) təsir yarada bilər.
Üzərlik bitkisində olan əsas psixoaktiv alkaloidlər aşağıdakılardır:
1. Harmin (Harmine) – psixoaktiv indol alkaloididir. Əsasən toxumlarda və köklərdə olur.
Güclü təsir göstərərək beyində serotonin və digər neyrotransmitterlərin parçalanmasına,
halüsinasiyaya səbəb olur.
2. Harmalin (Harmaline) – əsasən toxumlarda olur. Harminə bənzəyir, lakin daha güclü
təsir göstərərək vizual və emosional dəyişikliklərə səbəb olur. Dozadan asılı olaraq ruh halında
dəyişiklik, yuxusuzluq və halüsinasiyalara səbəb olur.
3. Harmol – digər alkoloidlərə nisbətən beyinə zəif, sinerji təsir göstərir.
4. Harman – zəif psixoaktivdir, sinir sisteminə stimullaşdırıcı təsir edə bilir. Tütün
tüstüsündə və qəhvə içkisində də az miqdarda analoji alkoloidə rast gəlmək mümkündür.
5. Peqanin – daha az psixoaktivdir, spazmolitik təsir göstərir.
“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və
nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan
Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya
tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli
960-IIQ saylı və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin
və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq
edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli 961-IIQ saylı Azərbaycan Respublikasının
Qanunlarında üzərlik bitkisi və onun tərkibində olan psixoaktiv alkoloidləri müvafiq siyahılarda
qeyd olunmadığından sözügedən bitkinin ölkəmizdə dövriyyəsi sərbəstdir.
Üzərlik kimyəvi tərkibinə görə harmalin, harmalol və harman kimi alkaloidləri ehtiva etdiyindən,
yəni psixoaktiv (halüsinasiyaya səbəb ola bilən) təsirləri olduğuna görə bəzi ölkələrdə
dövriyyəsi məhdudlaşdırılan maddə kimi qəbul olunur.
Hüquqi məsuliyyət riski baxımında üzərlik bitkisinin dövriyyəsinin sərbəst və qadağan olunduğu
ölkələri aşağıdakı kimi qruplaşdırmaq mümkündür:
Sıra
№
Ölkə Dövriyyənin xüsusiyyəti Qeydlər
1. ABŞ Üzərlik bitkisi sərbəstdir, lakin onun
ekstraktlarının idxalı, istehsalı və satışı
məhdudlaşdırılıb.
2. Avstraliya Üzərlik bitkisi qadağan olunan psixotrop
maddələrin siyahısına daxildir.
3. Almaniya Federativ
Respublikası
Üzərlik bitkisi sərbəstdir, lakin onun
ekstraktlarının idxalı, istehsalı və satışı
məhdudlaşdırılıb.
4. Latviya
Respublikası
Üzərlik bitkisi sərbəstdir, lakin onun
ekstraktlarının idxalı, istehsalı və satışı
məhdudlaşdırılıb.
5. Litva Respublikası Üzərlik bitkisi qadağan olunan psixotrop
maddələrin siyahısına daxildir.
6. Türkiyə
Respublikası
Üzərlik bitkisi sərbəstdir, lakin onun
ekstraktlarının idxalı, istehsalı və satışı
məhdudlaşdırılıb.
7. Portuqaliya
Respublikası
Üzərlik qadağan olunan psixotrop maddələrin
siyahısına daxildir.
8. Belçika Krallığı Üzərlik bitkisi sərbəstdir, lakin onun
ekstraktlarının idxalı, istehsalı və satışı
məhdudlaşdırılıb.
9. Polşa Respublikası Üzərlik bitkisi sərbəstdir, lakin onun
ekstraktlarının idxalı, istehsalı və satışı
məhdudlaşdırılıb.
10. Moldova
Respublikası
Üzərlik qadağan olunan psixotrop maddələrin
siyahısına daxildir.
11. Estoniya
Respublikası
Üzərlik bitkisi sərbəstdir, lakin onun
ekstraktlarının idxalı, istehsalı və satışı
məhdudlaşdırılıb.
12. Ukrayna Üzərlik qadağan olunan psixotrop maddələrin
siyahısına daxildir.
13. İsrail Üzərlik bitkisi sərbəstdir, lakin onun
ekstraktlarının idxalı, istehsalı və satışı
məhdudlaşdırılıb.
14. Rusiya
Federasiyası
Üzərlik qadağan olunan psixotrop maddələrin
siyahısına daxildir.
15. Gürcüstan Üzərlik bitkisi qadağan olunan psixotrop
maddələrin siyahısına daxildir.
16. Belarus
Respublikası
Üzərlik qadağan olunan psixotrop maddələrin
siyahısına daxildir.
17. Tacikistan
Respublikası
Üzərlik qadağan olunan psixotrop maddələrin
siyahısına daxildir.
18. Qırğız
Respublikası
Üzərlik bitkisinin dövriyyəsi sərbəstdir.
19. Birləşmiş Ərəb
Əmirliyi
Üzərlik bitkisinin dövriyyəsi sərbəstdir, lakin
onun ekstraktlarının idxalı, istehsalı və satışı
məhdudlaşdırılıb.
20. Çin Xalq
Respublikası
Üzərlik bitkisi sərbəstdir, lakin onun
ekstraktlarının idxalı, istehsalı və satışı
məhdudlaşdırılıb.
Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə onların
siyahıda qeyd olunan ölkələrə səfər edərkən, eləcə də həmin ölkələrdən respublikamıza
gələrkən üzərlik daşımalarının həmin ölkələrin ərazisində hüquqi məsuliyyət yarada biləcəyi
nəzərə alınaraq, bu halların sərhəd-keçid və gömrük məntəqələrində qarşısının alınması üzrə
zəruri tədbirlərin həyata keçirilməsi və ictimai maarifləndirmənin aparılması tövsiyə olunur.