Rusiyanın Kamçatka bölgəsində 8,7 maqnitudalı güclü zəlzələ baş verib
Rusiyanın Kamçatka bölgəsində 8,7maqnitudalı güclü zəlzələ baş verib. Bu, son onilliklərdə regionda baş verən ən güclü seysmik təkandır.
Qubernator Valeri Limarenko Saxalin vilayətində zəlzələdən və üç sunami dalğasından sonra insan tələfatı və dağıntı olmadığını bildirib.
Regionun qubernatoru Vladimir Solodovun sözlərinə görə, bu zəlzələ son on ildə baş verən ən güclü yeraltı təkandır. Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi ən azı bir ay davam edə biləcək intensiv afterşok prosesinin inkişaf etdiyini bildirir. Yeni sunami təhlükəsi ilə müşayiət olunan 7,5 maqnitudalı zəlzələnin intensivliyi fonunda 6 bala qədər təkrarlanan təkanlar gözlənilir.
Sunaminin ilk dalğası artıq Severo-Kurilsk sahillərinə çatıb, qəsəbəni və Alaid balıqçılıq müəssisəsini qismən su basıb. RF Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, əhali təxliyə olunub, tələfat yoxdur.
Kamçatkanın bütün sahilləri, Kuril adaları, Yaponiyanın şərqi, Alyaska, Amerikanın Kaliforniya və Oreqon ştatları üçün də sunami təhlükəsi elan edilib. Sunami Mərkəzi dalğanın Paramuşir və Şumşu adalarına doğru hərəkətini qeydə alıb.
Petropavlovsk-Kamçatski, Xalaktırski çimərliyi, Anqliçanka buxtası, Prilivnoye gölü, Bolşaya və Malaya Laqernaya ərazilərində də sunami təhlükəsi elan edilib. Sakinlərə bu əraziləri tərk etmələri tövsiyə olunur.
Kamçatka diyarının fövqəladə hallar naziri Sergey Lebedev qeyd edib ki, Petropavlovsk-Kamçatski şəhərinin özü bilavasitə sunami təhlükəsi zonasında deyil, lakin dənizə yaxınlıqdakı ərazilər dərhal tərk edilməlidir.
Saxalində Severo-Kurilskdə 5 maqnitudalı zəlzələ hiss olunub. Yaşayış binalarına, sosial obyektlərə, infrastruktura baxış keçirilir. Kamçatkada məktəblərin, xəstəxanaların, uşaq bağçalarının vəziyyətinin yoxlanılmasına başlanılıb. Bağçalardan birinin divarının uçduğu, tələfatın olmadığı bildirilib.