azturkxeber.az
http://azturkxeber.az

Qətər İnkişaf Fondu 526 milyon dollar dəyərində 16 strateji saziş imzalayıb

23-07-2025

Qətər İnkişaf Fondu 1,92 milyard rial (526 milyon dollar) dəyərində 16 strateji saziş imzalayıb. Sənədlər dünyanın müxtəlif ölkələrindən 17 milyon benefisiara yönəlmiş geniş humanitar və inkişaf təşəbbüslərini dəstəkləmək məqsədi güdür.

Imzalanma mərasimində Qətər İnkişaf Fondunun İdarə Heyətinin sədri, şeyx Tani bin Həmd bin Xəlifə əl Tani, dövlətlərarası əməkdaşlıq üzrə dövlət naziri və Fondun sədr müavini Məryəm bint Əli bin Nasir əl-Musnəd, həmçinin Syerra-Leonenin kənd təsərrüfatı və qida təhlükəsizliyi nazirinin müavini Tereza Tinye Dik, Bosniya və Herseqovina rəsmiləri, Qətərdəki səfirliklərin nümayəndələri və BMT təşkilatlarının təmsilçiləri iştirak ediblər.

Məryəm əl-Musnəd bildirib ki, Qətər İnkişaf Fondu vasitəsilə atılan son addımlar yalnız beynəlxalq öhdəlik deyil, eyni zamanda, ölkənin insani dəyərlərə dərin hörmətinin əksidir. “Biz insan kapitalına yatırımı ən doğru investisiya hesab edirik. Bu sazişlər daha ədalətli və sabit cəmiyyətlərin qurulmasında atılan konkret addımlardır və milyonlarla insanın həyatında müsbət dəyişikliklərə səbəb olacaq. Qətər qlobal inkişaf səylərində daim fəal tərəfdaş olaraq qalacaq və insanı hər zaman prioritet olaraq görəcək", - deyə qurum sədrinin müavini vurğulayıb.

İmzalanan sazişlər Qətərdə fəaliyyət göstərən bir sıra aparıcı tərəfdaşlarla, o cümlədən Qətər Təhsil, Elm və Cəmiyyətin İnkişafı Fondu, Əfqanıstan Amerika Universiteti, Qətər Xeyriyyə Təşkilatı, "Hamı üçün təhsil " Fondu və Qətər Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

"Hamı üçün təhsil " Fondu ilə imzalanan iki saziş 15 milyondan çox uşaq və gənci əhatə edir. Bura əfqan tələbələr üçün təqaüd proqramının dəstəklənməsi də daxildir.

Qətər Qızıl Aypara Cəmiyyəti ilə imzalanmış altı saziş 294 487 nəfəri əhatə edir. Bu sənədlərə Suriyada “Ağ dəbilqəlilər” layihəsinin yeni mərhələsi üçün təcili yardım qrantı, Kabildəki İndira Qandi adına uşaq xəstəxanasında ürək mərkəzinin dəstəklənməsi, Suriyaya humanitar yardım, İordaniyada Zaatari qaçqın düşərgəsində uşaqlar üçün oyun meydançasının genişləndirilməsi, Qviana Respublikasında uşaqlar və böyüklər üçün “Xeyriyyə karvanı” layihəsi, Qvineya-Bisaunun Qabu regionunda bazarda baş vermiş yanğın nəticəsində zərərçəkənlərə təcili yardım layihəsi üzrə sazişlər daxildir.

Fond tərəfindən, həmçinin Qətər Təhsil Fondu ilə əməkdaşlıq çərçivəsində Əfqanıstan Amerika Universitetinin müvəqqəti olaraq Qətərdə yerləşməsi ilə bağlı saziş imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031