İxracatçılarla görüş keçirilib
Görüşdə “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri, ixracatçıların beynəlxalq sərgilərdə iştirakı və logistikanın subsidiyalaşması kimi məsələlər müzakirə olunub.
Azturkxeber.az xəbər verir ki, ixracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi və Azərbaycan İxracatçılar Klubunun təşkilatçılığı ilə ixracatçılarla görüş keçirilib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev “Made in Azerbaijan” brendinin təşviqi mexanizmlərindən danışıb, ixracatçılara beynəlxalq sərgi və yarmarkalarda iştirak üçün göstərilən dəstək tədbirlərinin əhəmiyyətini vurğulayıb. O, həmçinin bu il təsdiqlənməsi gözlənilən logistikanın subsidiyalaşması məsələsinə toxunub, xaricdə fəaliyyət göstərən Azərbaycanın ticarət evlərinin “Made in Azerbaijan” brendinin beynəlxalq aləmdə tanıdılması və yerli məhsulların ixracının artırılması sahəsində mühüm rol oynadığını qeyd edib.
Görüşdə iştirak edən Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin direktoru Günel Aslanova Azərbaycandan BƏƏ-yə ixrac potensialının daha səmərəli reallaşdırılması üçün ticarət evinin aktivliyinin gücləndirildiyini bildirib.
Tədbir zamanı ixracatçıların sualları cavablandırılıb, yerli məhsulların xaricə tədarükünün artırılmasına dair fikir mübadiləsi aparılıb.